Almatıda qazanılan vacib qələbə ilə azərbaycanlı futbolsevərlərin üzünü güldürən "Qarabağ" oyundan dərhal sonra hava limanına yollanıb Bakıya qayıtdı. Ağdamlıları gətirən təyyarə plana uyğun olaraq saat 03.30-də Bakıya enməliydi. Azacıq gecikməyə görə "hava gəmisi" səmada 04.05-də göründü.
 
Hava limanından çıxıb avtobusa doğru yön alan məşqçi və futbolçu heyətinin yorğunluq və yuxusuzluğu anlaşılan idi. Ayaqüstə yatırdılar desəm, yanılmaram. Elə zəfərin memarının da danışmağa halı qalmamışdı. Buna baxmayaraq, imkan tapıb azsaylı jurnalistlərin suallarını cavablandırmağa razılıq verdi.
 
- Zəfər gününün 1 illiyi ərəfəsində "Qarabağ"ı pley-offa daşıyan zəfəri yerinə düşdü. Təəssüratlarınızı eşitmək maraqlıdır.
 
- Gecənin bu saatında komandamıza dəyər verib bura gəldiyiniz üçün sizə təşəkkür edirəm. çox gərgin oyun oldu. "Kayrat" meydana yalnız və yalnız qələbə üçün çıxmışdı. Əks halda şanslarını itirəcəkdilər. Belədə, biz onlardan daha çox istəkli olmalıydıq. Şükürlər olsun, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. çox sevincliyəm.
Qələbə münasibəti ilə azarkeşlərimizi, bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, möhtəşəm dövlətimizin möhtəşəm zəfərinin yanında kiçik nailiyyətdir. Əsas odur ki torpaqlarımızı qaytardıq, xalq olaraq daha da gücləndik. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların etdiklərinin yanında bizim etdiyimiz cüzi bir şeydir.
 
- Oyundan sonra Kurban Berdiyevlə söhbətiniz oldu?
 
- Elə bir ciddi söhbətimiz olmadı. Sadəcə, qələbə münasibətilə təbrik edib, uğurlar arzuladı. Mən də həmçinin onlara uğurlar arzuladım.
 
- Oyun günənə qədər Abdulla Zubirin meydana çıxması sual altındaydı. Nə baş vermişdi, sonda nə oldu?
 
- Bildiyiniz kimi, "Neftçi"ylə oyunun sonlarında zədəyə görə Zubiri meydandan çıxarmışdıq. Ayağında ağrılar var idi. Sonrada məlum oldur ki, yorğunluğun fəsadıdır. O cür matçların ağırlığı futbolçularda yorğunluq, mikrozədələr yarada bilir. Ayağında qıcolma var idi deyə, həkimlər narahat idi. Şükürlər olsun, ayağındakı ağrıları hiss etdirmədən komandaya kömək etdi.
 
- Qrup liderliyini qorumaq mümkün olacaq?
 
- Bunun üçün çalışacağıq. "Omoniya" ilə Bakıdakı növbəti matçda azarkeşlərimiz üçün baxımlı futbol sərgiləmək niyyətindəyik. Daha yaxşı uğur üçün şansımız varsa, sona qədər mübarizə aparacağıq.
 
- Qələbədən sonra futbolçularla xüsusi şəkildə görüşdüz. Sanki bu qələbənin dadı başqadır.
 
- Hər zəfərin öz dadı var. ölkəmizin müstəqilliyindən bu yana belə uğur olmamışdı. Bu gün Allah bunu bizə nəsib edibsə, buna görə çox şadıq. Oyundan sonra futbolçularımın hər birini bağrıma basıb, təşəkkür etdim. Azərbaycanlı futbolçularda özünəinamın formalaşması üçün bu cür qələbə və oyunlar çox vacibdir.
 
- ölkə və klub tarixindəki ilkə görə məşqçi-futbolçu heyəti üçün xüsusi mükafat məbləği nəzərdə tutulub?
 
- Mükafatımız həmişə var, istər daxili çempionatda olsun, istərsə də avrokuboklarda. Bundan narazılığımız yoxdur. Futbolçular layiqincə mükafat alırlar. Təbii ki, bu qələbənin də mükafatı olacaq. Dediyim kimi, qarşıda bizi vacib oyunlar gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest