Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq ölkə çempionatının 10-cu turu çərçivəsində "Aris"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında "Qarabağ"a qarşı keçirəcəkləri matçdan da söz açıb:
 
"Qələbəyə görə sevinirik. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi "Qarabağ"la matça yönəldəcəyik.
 
Hər matça fərqli yanaşırıq. "Qarabağ"la görüşdə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bu, bəzi oyunçular üçün fürsətdir. Onlar o qədər də çox şans əldə etmirlər. Daha sonra APOEL-lə görüşü düşünə bilərik. Hazırda bütün fikrimiz Bakıdakı qarşılaşmadadır".
 
Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Omoniya" matçına saat 21:45-də start veriləcək. Bu komandalar arasında Kiprdə baş tutmuş ilk oyunda Azərbaycan təmsilçisi 4:1 hesablı qələbəyə sevinib.
 
"Qarabağ" hazırda H qrupunda liderdir və vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Kipr klubu isə 2 xalla 3-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest