"Birinci hissədə oynaya bilmədik. Sanki, yatmışdıq, ikinci yarıda yuxudan oyandıq. Bəlkə də əlimizə düşən şansları dəyərləndirsəydik, hesab heç-heçə olardı"

"Uğursuzluğa hər hansı səbəb tapa bilmirəm. Bütün oyunlara rəqiblərə uyğun hazırlaşırıq. Baş məşqçi tapşırıqlarını verir, biz də icra etməyə çalışırıq. Evdə oyunlarımız daha yaxşı alınır. çünki rəqiblərimizin çoxu təbii örtükdə məşq etdikdən sonra süni meydanda oynayanda çətinlik çəkir. Bizdə isə əksinə olur". Matc.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Şəhriyar Əliyev səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII turunun oyunu barədə danışarkən deyib.
 
29 yaşlı müdafiəçi matça çox pis başladıqlarını söyləyib: "Birinci hissədə oynaya bilmədik. Sanki, yatmışdıq, ikinci yarıda yuxudan oyandıq. Bəlkə də əlimizə düşən şansları dəyərləndirsəydik, hesab heç-heçə olardı".
 
Komandanın baş məşqçisi Sənan Qurbanovun futbolçuların meydanda qaçmaq istəməməsi ilə bağlı iradlarına da münasibət bildirən təcrübəli oyunçu belə bir halın mümkünsüz olduğunu vurğulayıb: "İnanmıram ki, hansısa futbolçumuz bilərəkdən qaçmasın. Fasilədən sonra necə oynadığımızı gördünüz. Qaçmaq istəməyən ikinci hissədə də qaçmazdı. Bəlkə də ilk yarıda təbii örtüklü meydana adaptasiya sarıdan çətinliyimiz oldu. Kimliyindən və rəqibdən asılı olmayaraq, meydana çıxan canını ortaya qoyur. Nəticə qazanmağa çalışırıq".
 
Onun sözlərinə görə, bu suala Qurbanov daha dəqiq cavab verə bilər: "Mən öz adıma deyə bilərəm ki, ilk dəqiqədən 90-cı dəqiqəyədək mübarizə aparmışam. Biz peşəkar futbolçularıq, gələn ilin mayınadək müqaviləmiz var. Bir yerdən pul qazanırsansa, oranın haqqını vermək lazımdır. Haramçılıq etmək olmaz. Hansısa kkluba gedəcəyini düşünüb bilə-bilə oynamayan futbolçu oynadığı komandaya yox, öz ailəsinə qarşı şərəfsizlik edir. Hamımız qələbə qazanıb mükafat almaq istərdik. Bəlkə də kiminsə təklifi var, getmək istəyir, Allah yolunu açıq etsin. Amma buradan pul qazanırsansa, haqqını verməlisən. Mən meydanda gücüm çatdığı qədərini edirəm".
 
Əliyev bildirib ki, bəlkə də baş məşqçi əsəbi olduğu belə fikirlər səsləndirib: "15 dəqiqəyə 2 top buiraxmışdıq. Bəlkə də bərabərlik qolunu vursaydıq, heç belə söhbət də olmazdı. "Neftçi" və "Qarabağ"a qarşı oyunlarımızı izləmisiniz. Qaçmaq istəməyən həmin matçlarda da qaçmazdı".
 
Futbolçu "Keşlə"nin yeni mövsümdən Şamaxını təmsil edəcəyinin futbolçulara mənfi təsir göstərmədiyini əlavə edib: "Oyunçularda hər hansı ruh düşkünlüyü hiss etmirəm. özüm 3 il "Kəpəz"də oynamışam, Gəncəyə gedib-gəlmişəm. Şamaxı barədə bizə heç nə deyilməyib. Oraya nə vaxt gedəcəyimiz, neçə gün qalacağımız bilinmir. Amma bizim üçün fərqi yoxdur. Harada oynamağımızdan asılı olmayaraq, meydana ürəyimizi qoyacağıq" (report).
 
Qeyd edək ki, "Keşlə" 12 turdan sonra 10 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest