"Xarakterdən gələn bir şeydi. Hərdən olur ki, mübarizə zamanı emosiyalarını saxlaya bilmirsən və qaydanı pozursan"

Cari mövsümün ilk iki dövrəsində diqqət çəkən komandalardan biri də "Qəbələ"dir. Mövsümün əvvəlində komanadadan böyük gözləntilər olmasa da, hazırda müəyyən irəliləyiş nəzərə çarpır. Nəticə etibarilə qış fasiləsinin başlamasına az qalmış 2-ci pillədə qərarlaşan bölgə təmsilçisi lider "Qarabağ"dan cəmi 5 xal geridədir. Belədə iddiaların artması da gündəmə gəlir. 

Komandanın çıxışı, durumu və fasiləyə hazırlıqla bağlı sualları baş məşqçi Elmar Baxşıyev cavablandırıb.

- Qış fasiləsinə qədər bir çempionat və kubok matçı qalır. Mövsümün ilk iki dövrəsini necə dəyərləndirərdiniz?
- Mövsüm bitmədiyi üçün çox dəyərləndirmək olmur. Qarşıda bir kubok və çempionat oyunumuz var. Fikrimizi sırf həmin oyunlara yönəltmişik. Komandanı formalaşdıranda da inam var idi. Bəzi insanların inamı olmasa da, biz inanırdıq ki, seçdiyimiz futbolçular yaxşı nəticəyə köklənə bilərlər.

- Fikrinizdəki oyun üslubunu, fəlsəfəni komandaya tam mənimsədə və matçlarda onlardan istədiyinizi ala bilirsinizmi?
- Desəm ki, hər şeyi tam alırıq, belə deyil. Hər oyunda inkişaf etdirilməli komponentlər var ki, komanda onların üzərində işləməlidir. Desəm ki, komanda olaraq idealıq, xeyr. Amma ümumi götürəndə futbolçular meydançada əzmkarlıq və fərdi keyfiyyətlərini göstərirlər. 

- Son turda "Zirə" ilə matç çox gərgin keçdi. ümumiyyətlə, ilk iki dövrədə ən çətin oyununuz hansı oldu?
- Sırf "Zirə"ni fərqləndirməzdim. Turnir cədvəlində bir-birinə yaxın olan rəqiblər oynayırdı. Ona görə də ümumi ab-hava çətin görünə bilərdi. İnandırım sizi, çempionatımız çox ağırdı. öncədən düşünək ki, "filan rəqib asandı, udacağıq", belə bir anlayış yoxdur. Hər oyuna maksimum köklənməlisən ki, istədiyin nəticəni qazana biləsən.

- "Zirə" ilə görüşdə Omar Haninin qırmızı vərəqə almasına münasibətiniz necədir?
- Oyun epizodu olduğu üçün üstündə çox dayanmadıq. Hər dəfə futbolçulardan istəkli olmalarını, daim mübarizələrə qoşulmalarını tələb edirik. Məncə, hər iki sarı vərəqə düzgün göstərilmişdi. Xarakterdən gələn bir şeydi. Hərdən olur ki, mübarizə zamanı emosiyalarını saxlaya bilmirsən və qaydanı pozursan.

- Bəzən elə bir məqam olur ki, məhz onun təsirindən sonra komanda yüksəlişə və ya enişə doğru gedir. "Qəbələ"də müsbət irəliləyişə doğru getməyə nələr səbəb oldu?
- Hansısa oyunu xüsusi qeyd etməzdim. Məncə, komandanı formalaşdırarkən ideal ailəyə sahib olduq. Futbolçular meydançada bir-birilərini tamamlayırlar. Bu baxımından düşünürəm ki, klub tərəfindən uğurlu transfer siyasəti aparıldı və keçənilki komandanı, demək olar, qoruyub saxlaya bildik.

- "İştah diş altındadır", "Qarabağ"la aradakı 5 xallıq fərq, komandanın müsbət çıxışı iddiaları artırıbmı?
- Mövsüm başlayandan həmişə bunu vurğulayıram ki, sırf "filan yerdə olmalıyıq" düşüncəsi ilə yaşamırıq. Sadəcə, qarşıdakı oyuna köklənirik. Nəticə üçün hər şeyimizi ortaya qoymağa çalışırıq. Komandanın yanaşması məni qane edir. İnandrım sizi, nə mən, nə də futbolçular oyunlara "sırf bu yeri tutub Avroliqaya getməliyik" düşüncəsi ilə yanaşırıq. Qarşıdakı oyunlara köklənirik, nə olacaq, hansı yeri tutacağıq, bunu zaman göstərəcək.

- İlin son qarşılaşmasından öncə kubokda MOİK-lə görüşəcəksiniz. Komandanı Birinci Divizion təmsilçisi ilə matça nə dərəcədə kökləmək mümkün olacaq?
- Yenə yanaşma məsələsini vurğulamaq istəyirəm. Seçmirik ki, bu, Birinci Divizion klubudur, digəri Premyer Liqa komandasıdır. Düşünürəm ki, futboçular əllərindən gələnin ən yaxşısını edib maksimum şəkildə oyuna köklənəcəklər.

- MOİK-lə qarşılaşmada heyətdə dəyişikliklər gözlənilir?
- "Zirə" ilə oyundan sonra bu gün ilk məşqimizi keçəcəyik. Sabahkı məşqdən sonra isə qərar verəcəyik. Mikrozədələr var. Həkim müayinəsindən sonra son qərarımızı açıqlayacağıq.

- MOİK-lə matçda əsas heyətin bir neçə üzvünü istirahətə göndərib, digərlərinə şans verməyi düşünürsünüz?
- Hələ ki, oyuna o fikirlə yanaşmırıq. Qarşıdakı günlərdə məşqlərdən sonra bilinəcək.

- Hər məşqçinin qış fasiləsinə yaxınlaşarkən hazırlıqla bağlı müəyyən planları olur. Sizin planlarınız necədir?
- Yəqin ki, təlim-məşq toplanışını ölkə daxilində, Qəbələdə keçəcəyik. Büdcə ilə əlaqədar xaricə geməyi düşünmürük. Elə Qəbələdə də hər bir şərait var və fikrimcə, təlim-məşq toplanışı üçün problem yaşamamalıyıq. İnşallah, yoxlama matçları ilə bağlı problemlər də yaranmaz. ölkədə qalan komandalarla yoldaşlıq görüşü keçirəcəyik. 

- Transferlər baxımından nə düşünürsünüz, hazırda "Qəbələ"də dəyişikliklərə ehtiyac varmı?
- Yəqin ki, komandadan heç kim getməyəcək. Heyətimiz onsuz da kasaddır. Amma əlbəttə, bir hücumameyilli futbolçu ilə güclənmək istərdik. Gənc futbolçularımız var ki, qış təlim-məşq toplanışında bizimlə olacaqlar. Onlardan da faydalanmağımız mümkündür. 

- Turnir cədvəlindəki duruma nəzər salanda avrokuboklara vəsiqə qazanmaq üçün yaxşı şans olduğunu görə bilərik. Belədə ən azı 6 ay əvvəldən hazırlıq aparılmalıdır ki, yeni futbolçular uyğunlaşma ilə bağlı problem yaşamasınlar. Avrokuboklara vəsiqə qazansanız, bu mənada çətinlik yaşayacağınızı düşünmürsünüz?
- Düşünürəm ki, bu komandanı qorumaq lazımdır. Qış fasiləsindən sonra avrokubokları düşünsək, çempionatda yanıla bilərik. Ona görə də daha çox qarşıdakı oyunları düşünürük. Əlbəttə, istək olacaq, komandanı qorumaqla yanaşı, bir-iki futbolçu transfer edib əlavə güc qatmaq mümkündür.  Amma hələ ki, bu, gündəmdə olan mövzu deyil.

Qaynarinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest