Futbol üzrə Konfrans Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb. Matc.az UFEA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" topla oynama faizinə görə 2-ci sırada qərarlaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ortalama topla oynama faizi 60.7-dir.
 
Bu göstəricidə lider Niderlandın "Alkmaar" komandasıdır. Komandanın topla oynama faizi 62,8 faizdir. İlk "üçlüy"ü isə 59,8 faizlə Belçika klubu "Gent" qapayıb.
 
"Qarabağ" həm də Konfrans Liqasının qrup mərhələsində künc zərbəsindən ən çox istifadə edən komanda olub. Azərbaycan təmsilçisi korner sayında hamını qabaqlayıb. Qurban Qurbanovun yetirmələri 6 matçda ümumilikdə 47 dəfə künc nöqtəsindən topu oyuna daxil edib. Ağdamlıları 46 kornerlə "Vitess" izləyib. Sofiya çSKA-sı isə 42 dəfə belə vəziyyət əldə edib.
 
"Qarabağ" eyni zamanda kobudluğa ən çox məruz qalan 6-cı komanda olub. Təmsilçimiz 79 dəfə cərimə zərbəsi vurmaq hüququ qazanıb. Turnirin ən intizamlı komandaları arasında yer alan "Qarabağ" ümumilikdə 9 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Ağdamlılar ən az sarıya "qonaq olan" komandaların sıralamasında yalnız "Randers" və "Gent"dən geri qalır. Adıçəkilən klubların 7 oyunçusu sarı vərəqə alıb.
 
"Qarabağ" qrup mərhələsində qapıya ən çox zərbə vuran 4-cü komanda olub. Qurbanovun kollektivinin 6 matçda 100 cəhdi olub. Bunun 34-ü çərçivəyə ünvanlanıbsa, 36 dəfə futbolçular qeyri-dəqiq oynayıblar. Dəqiq zərbə sayına görə, yarışın 6-cısı olan "Qarabağ" çərçivəyə ən çox düşə bilməyənlər sırasında 5-ci yerdə qərarlaşıb.
 
Ağdamlıların qrup mərhələsindəki görüşlərdə 30 zərbəsinə müdafiəçilər blok qoyub ki, bu göstəricidə təmsilçimiz 1-cidir.
 
Qrup mərhələsində ümumi zərbə sayına görə, "Vitess" (117 zərbə) birinci, LASK (113) ikinci, "Renn" (101) isə üçüncü yeri tutub.
 
Son turda səfərdə "Bazel"ə 0:3 hesabı ilə məğlub olan "Qarabağ" H qrupunda 11 xalla ikinci yeri tutaraq, pley-offda iştirak hüququ əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest