"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə "Bazel"inə qarşı keçirdikləri oyunu şərh edib

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə "Bazel"inə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Düşünmürəm ki, məyusluq olsun. Yəqin ki, bu, yol yorğunluğudur. Vətənə dönmək üçün uzun yol qət etməli olduq. Amma ümumilikdə hər şey düşündüyümüz kimidir, əladır".
 
29 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Qurban Qurbanov 0:3 hesabı ilə uduzduqları qarşılaşmadan sonra paltardəyişmə otağında komandanı təbrik edib: "Məğlubiyyətimizə baxmayaraq, biz artıq nailiyyət əldə etmişik. Tarixdə ilk dəfə "pley-off" mərhələsinə yüksəlmişik".
 
Qarayev "Qarabağ"ın 2-ci dəqiqədə sayılmayan qolu barədə danışmaq istəməyib: "Biz elə İsveçrədə olduğumuz vaxt razılaşdıq ki, hakimlikdən söz açmayaq. Ən yaxşısı, bu barədə media nümayəndələri və azarkeşlər danışsınlar".
 
Təcrübəli oyunçunun sözlərinə görə, hədəf Konfrans Liqasında mümkün qədər irəli getməkdir: "Rəqib qismində kimisə görüb-görməmək niyyətim yoxdur. Nə qədər irəli getsək, bu, bizim üçün uğur və tarixdir. Ona görə də münasib rəqiblərin düşməsi həmişə arzumuz olub. Futbol ictimaiyyətini təbrik edirəm. Bu, futbolumuz üçün yeni tarix və nailiyyət idi. Düşünürəm ki, "Qarabağ"ın bu qrupda etdikləri İsveçrədəki məğlubiyyətdən daha üstün idi. Ona görə də daha çox sevinməli, bu günü, bu anları daha yaxşı qeyd etməliyik. Həqiqətən də Azərbaycan futbolunda bir ilk yaşandı". (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest