Azərbaycan Basketbol Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
 
Sonra ABF-in son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və qurum rəhbərliyinə yeni seçki keçirilib. 
 
Təhsil naziri Emin Əmrullayev federasiyanın yeni prezidenti seçilib. O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək. 
 
Əmrullayev tədbirdə fikirlərini bölüşüb: "Mənə göstərilən etimada görə təşəkkür edirəm. Digər sahələrdə olduğu kimi, idman da son illər yaxşıya doğru dəyişib. Basketbolun qısamüddətli formulası yoxdur. Aşağılardan başlayaraq bu idman növünü inkişaf etdirməliyik. Bu mənada təhsil ocaqlarında, məhəllələrdə basketbolun həyatımızın bir hissəsinə çevrilməsi önəmli məqamdır. Məsələyə sistemli yanaşmaq lazımdır. Ayrı-ayrı yaş qrupları üzrə bu idman növünün vəziyyətini təhlil edib, imkanları dəyərləndirməliyik. Daha sonra ictimaiyyətə basketbolun inkişafı ilə bağlı müvafiq planları təqdim etməliyik. çünki planlı iş tələb edir. Milli komanda bir neçə nəfərdən ibarət deyil. Yüz nəfər arasından seçim olursa bir, min nəfər arasından seçilirsə başqa məsələdir. Müsbət tərəfləri, bacarığı olan insanları Azərbaycan idmanına cəlb etmək bizim üçün vacibdir. Hələ ki, bir neçə ay ərzində təhlillər aparılmalıdır".
 
Qeyd edək ki, 1999-cu ilin dekabrından federasiyaya Nadir Nəsibov rəhbərlik edirdi. 
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest