Pedro Enrike Konzen və ya sadəcə, Pedro. "Qarabağ"ın tarixində ən uğurlu transferlərdən biri və bəlkə də birincisi. Braziliyalı ağdamlıların şərəfini qoruduğu qısa müddətdə azarkeşlərin könlündə taxt qurmağı bacardı. "Qarabağ"ın və Azərbaycanın tarixinə düşən, çempionlar Liqasının qrup mərhələsindəki ilk qolumuzu da 10 nömrəni haqq etmiş bu futbolçu Bakı Olimpiya stadionunda "Roma"ya vurmuşdu.

Pedronun "Qarabağ" macərası çox çəkmədi. Azərbaycanlı azarkeşlərdən sonra qazaxıstanlıların ürəyini fəth etmək üçün "Astana"ya yollanan braziliyalı bu gün Roman Qriqorçukun komandasından ayrılıb və müqavilə ilə mövsümün sonunacan məxsus olduğu PAOK-a dönüb. Yunanıstanlı azarkeşlərin də sevimlisi olan futbolçu hazırda "Qarabağ"a çox lazımdı. çünki onda Qurban Qurbanovun komandasını arxasınca daşıyacaq liderlik keyfiyyətləri var. Potensialına və göstərdiyi oyuna görə Azərbaycana gəlmiş ən güclü legionerlərdəndi.

Heyətində Baqali Dabo kimi fərdi ustalığı sayəsində istənilən oyunun taleyini təkbaşına həll edəcək futbolçulara malik əsas rəqib "Neftçi"dən fərqli, aparıcı futbolçuları qocalan və ya ideal formalarından uzaq olan ağdamlıların arxasınca aparacaq lideri yoxdu. Pedro Enrike isə məhz həmin futbolçudu. Komandaya və ölkəmizə adaptasiya olmasına da ehtiyac yoxdu. Bəs, "Qarabağ" üçün göydəndüşmə və ideal sayılacaq bu dönüşə klubda isti baxırlarmı?

Əldə etdiyimiz məlumata görə, Pedronun dönüşü gündəmdə deyil. Görünür, Qurban Qurbanovun komandasını gücləndirmək üçün daha yaxşı variantları var və yaxın günlərdə "Qarabağ"ın "transfer bombaları"nı hamımız görəcəyik. çünki, həftəsonu finala bərabər derbi, "Qarabağ"ın xal itirəcəyi təqdirdə çempionluğun taleyinə böyük ölçüdə aydınlıq gətirəcək mövsümün ən prinsipial qarşılaşması var. Bütün diqqətlər fevralın 3-də baş tutacaq "Qarabağ" - "Neftçi" duelinədi. Hər iki komanda da yeni transferlərini məhz bu oyuna yetişdirməyə çalışacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest