"üç gündür tam heyətlə hazırlıq keçirik. Məşqlər planlaşdırdığımız şəkildə davam edir". Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.
 
O, dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə yoldaşlıq oyunları ərəfəsində təşkil olunan mətbuat üçün açıq məşqdən öncə fikirlərini açıqlayıb: "Bu arenada ilk dəfə oynayacağıq, amma hər cür şəraitin olduğunu deməliyəm. Əlbəttə, oyunçulara tam istədiyimi aşılamaq üçün vaxtımız elə də çox deyil. çünki milli sonuncu dəfə apreldə yığışmışdı. Artıq 7 ay keçib və bu müddətdə legioner futzalçılarımız öz klublarında müxtəlif taktiki sistemdə çıxış edirlər. Onları yenidən öz sistemimizə qaytarmaq üçün çoxlu məşqlər keçməliyik. Fineo ilə bağlı problemimiz var. O, klubundan zədəli gəlib, bugünkü məşqdə də iştirak etməyəcək. Amma oyuna qədər məşqlərə qoşulacaq. Eduardo Borges isə zədə səbəbindən bu toplanışa dəvət edilməyib".
 
Braziliyalı mütəxəssis rəqibi də dəyərləndirib: "Ukrayna yaxşı komandadır. Bu oyun Avropa çempionatına hazırlıq baxımından bizim üçün çox əhəmiyyətlidir. Komandanın nə qədər hazır olub-olmadığını yoxlayacağıq. Rəqibimiz də bizim kimi qitə birinciliyinə hazırlaşır. Onlar üçün də vəziyyət eynidir. Maraqlı və çətin oyun olacağına inanıram. Ukraynanın İspaniya ilə keçirdiyi oyuna baxacam".
 
Joze Alesio heyətə də toxunub: "Toplanışa gənc futzalçılar da dəvət etmişik. Həm Xəzər Ağalızadə, həm də Nurlan Mehdizadə gələcəkdə millinin formasını geyinə bilərlər. özünüz də görürsünüz ki, heyətimizdə yer alan futzalçıların əksəriyyəti yaşlıdır. 3-4 ildən sonra onları əvəzləməliyik. Ona görə də ehtiyat qüvvəni indidən formalaşdırmalıyıq. Nurlan və Xəzərdən əvvəl qapıçı Cavad Məmmədovu da komandaya cəlb etmişik".
 
Mütəxəssis AVRO-2022 barədə fikirlərini də bölüşüb: "Bu Avropa çempionatı daha çox komandanın iştirakı ilə keçiriləcək. Artıq final mərhələsində zəif rəqib, yüngül oyun axtarmaq mümkün deyil. Rəqiblərimizə gəldikdə, Gürcüstan millisi heyətini gücləndirir. Yeni futzalçılar cəlb edəcəklər final mərhələsinə qədər. Bosniya və Herseqovina isə illərdir bir yerdə çıxış edən futzalçılardan qurulub. Onlar dünən Slovakiya ilə yoldaşlıq oyunu keçiriblər. Həmin matça baxacam və müəyyən analizlər aparacam. İspaniya haqda isə geniş danışmaq artıqdır. Bu komandanın nəticələri ortadadır. Azərbaycan millisinin də öz imici, statusu var. Biz də rəqiblərimiz üçün güclü komandayıq. çalışacağıq ki, əvvəlki illərdə qazandığımız uğurları inkişaf etdirək. Final mərhələsinə qədər daha bir oyun keçirəcəyik. Artıq rəqiblə danışıqlar müsbət yekunlaşdı. Yanvarın 17-də səfərdə Belçika yığması ilə qarşılaşacağıq və Niderlanda həmin oyundan sonra yollanacağıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest