"Hər bir rəqibə hörmətlə yanaşıb, yığma komandamızı elə bir səviyyəyə çatdırmalıyıq ki, Millətlər Liqasında bizi sevindirsinlər"

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb. C Liqasında yer alan millimiz Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.
 
AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov rəqiblərimizi və qrupdakı şanslarımızı dəyərləndirib: 
 
"Tanış rəqiblərdir. Hər birinə qarşı müsbət nəticələrimiz var. Ancaq rəqiblərin kimliyindən asılı olmayaraq əgər böyümək və məqsədə nail olmaq istəyiriksə, komandanın önünə böyük vəzifələr qoyulmalıdır. Hər bir rəqibə hörmətlə yanaşıb, yığma komandamızı elə bir səviyyəyə çatdırmalıyıq ki, Millətlər Liqasında bizi sevindirsinlər. Məqsədə nail olmaq üçün işə başlamalıyıq. Əvvəlki çıxışlarımızı düzgün təhlil edərək komandanın qarşısına yüksək vəzifələr qoyulmalıdır". 
 
AFFA rəsmisi Dç-2022-də yaşanan uğursuzluqdan sonra Millətlər Liqası oyunlarının sonuna kimi şans verilən baş məşqçi Canni De Byazinin fəaliyyəti ilə bağlı da fikirlərini bildirib: 
 
"Canni De Byazi başa düşməlidir ki, əgər Azərbaycan futbolunda ona etimad göstərilibsə, yığma komandanın rəhbəri kimi 10 ayda fəaliyyətini davam etdirəcəksə, ondan və komandasından uğurlu çıxış gözləyirik. 
 
Bu, futboldur, hər şey ola bilər. Ancaq millimiz hər bir oyunda sonda məyus olmamaq şərtilə fəaliyyət göstərməli, mübarizə aparmalıdır". 
 
Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
fanat.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest