Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib. Matc.az xəbər verir ki, o, Belarus Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Qrupdakı bütün komandaların bərabər səviyyəli olduğunu deyə bilərəm. Yəqin ki, bu amil matçlara marağı daha da artırır. Hər bir kollektivin 1-ci yer uğrunda mübarizə şansı var. Yəqin ki, Slovakiya digər komandalarla nisbətdə bir az güclüdür. Amma qalan komandaların hamısı eyni səviyyədədir.
 
3-cü qrupda ilk oyununu səfərdə Slovakiyaya qarşı keçirəcək kollektiv daha sonra evdə Azərbaycan millisi ilə üz-üzə gələcək. 61 yaşlı mütəxəssis təqvimdən razılığını bildirib: "Prinsipcə, təqvim normaldır. Bütün komandalar üçün şanslar bərabərdir. Ona görə təqvimə fikir verməyəcəyik. Bəlkə də ilk oyunda Slovakiya ilə evdə qarşılaşmaq daha yaxşı olardı. Belə alındı. İstənilən halda səfər oyununa da ciddi hazırlaşacağıq".
 
Kondratyev Azərbaycan yığmasından da danışıb. O, Belarus yığmasındakı debütünün məhz millimizlə bu ilin iyun ayında baş tutan yoxlama oyununa təsadüf etməsini də xüsusi vurğulayıb:
 
"Bu, mənim rəhbərliyim altında keçirdiyimiz ilk oyun idi. Düzdür, biz həmin oyunda 1:2 hesabı ilə uduzduq. Amma keyfiyyət baxımından heç də pis alınmamışdı. Təəssüf ki, son dəqiqələrdə öz səhvimizdən buraxdığımız qolla yenildik. Hamı qol vurmaq üçün irəli qaçdığından əks-hücumda öz qapımızda top gördük. Bu komandanın heyətində Emin Mahmudov kimi lider var. Bütün oyunu o aparır. Komanda italiyalı baş məşqçinin (Canni De Byazini nəzərdə tutur rəhbərliyi altında intizamlı çıxış edir. Futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışır. Maraqlı komandadır, topla oynamağı yaxşı bacarırlar. Bu, hələ SSRİ dövründən hamıya məlumdur. Heyətində texnikalı futbolçuları var".
 
Azərbaycan millisi Belarusla ilk oyununu iyunun 6-da səfərdə, ikinci matçını isə iyunun 13-də evdə keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest