Matc.az sizi "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfovun müsahibəsi ilə tanış edir:
 
- "Qəbələ"nin mövsümün ilk yarısındakı çıxışından nə dərəcədə razı qaldınız: Qış fasiləsinə 2-ci pillədə yollanacağınızı gözləyirdinizmi?
- Təbii ki, komandamızın potensialına bələd idik. Kollektivə 9 yeni futbolçu cəlb olundu ki, onlardan biri icarədən qayıdan qapıçımız Elməddin Sultanov, biri bizdə püxtələşmiş, "Qəbələ"nin heyətində ən çox oyun keçirmiş ürfan Abbasov, digəri isə iki mövsüm əvvəl uğurla çıxış etmiş Fernan Lopes idi. İstər Məqsəd İsayevlə Nicat Mehbalıyev, istərsə də 4 legioner məşqçi heyətimiz tərəfindən ciddi analiz olunduqdan sonra müqaviləyə dəvət olundular. Sevindirici haldır ki, bütün yeni oyunçular adaptasiya dövrünü sürətlə geridə qoydular və komanda oyunu sərgiləyə bildik. Məhz komanda oyununun sayəsində iki zədəli futbolçumuz, eləcə də cəzalı duruma düşənlərin yoxluğu, demək olar ki, hiss olunmadı. Mövsümün əvvəlində komandadan tələbimiz məzmunlu və mübariz oyun sərgilmək idi. Gördüyünüz kimi, bu tapşırıq yerinə yetirildi və nəticələr də sevindirici oldu.
 
- Klubunuzun baş meneceri Zaur Əzizovun "Neftçi"də idman direktoru vəzifəsinə gedişinə münasibətiniz necədir: Onu klubda saxlamaq olardımı?
- Zaurla birlikdə 13 il çalışdıq. Komandanın formalaşmasında ən vacib rol oynayan şəxslərdən biri idi. Bugünkü uğurlu nəticənin memarlarından biridir. Təbii ki, onun gedişi bizim üçün itkidir. Amma biz peşəkarıq və belə ayrılıqlara həmişə hazırlıqlı olmalıyıq. Ona yeni vəzifəsində uğurlar arzu edirəm.
 
- Zaur Əzizov hələ getməmişdən əvvəl bir sıra futbolçularınıza "Neftçi"dən təkliflər gəlirdi. Düşünmürsünüz ki, bu gediş futbolçularınızın "Neftçi"yə axınını sürətləndirə və komandanız mövsümün ikinci yarısında zəifləyə bilər?
- Hazırda heç bir futbolçunun komandadan ayrılması müzakirə mövzusu deyil. Futbolçulara kluba bağlayan hansısa şəxslər yox, rəsmi münasibətlərdir.
 
- "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimovun Zaur Əzizovun yerinə təyinatı akademiyanızın fəaliyyətinə təsir göstərə bilərmi?
- Bu təyinatın akademiyanın fəaliyyətinə mənfi təsir göstərəcəyinə inanmıram. çünki illər ərzində klubun bütün departamentlərində işlək sistem formalaşıb, bütün əməkdaşlar öz vəzifələrinin tələblərinə yaxşı bələddirlər. Həmçinin, növbəti mövsümün əvvəlində akademiya personalına yeni təyinatların olacağı da istisna deyil.
 
Onu da qeyd edim ki, son mövsümlərdə məhz akademiya yetirmələrinin uğurlu çıxışı komandamızın nəticələrində böyük rol oynayır. Mövsümün ilk yarısında akademiyanın 8 yetirməsi əsas heyətdə çıxış edib. çempionat və kubokda vurduğumuz 25 qolun 11-nin müəllifi məhz onlar olublar. İki futbolçu debüt edib, daha bir neçəsi isə öz növbələrini gözləyirlər. Yəqin ki, Premyer Liqa klublarının heç biri belə göstəricilərlə öyünə bilməz. Nəzərə alaq ki, yetirmələrimizdən özlərini yaxşı göstərmiş 10-dan çox futbolçu hazırda digər klubların əvəzedilməz üzvləridirlər. Əvəzedici komandanın və aşağı yaş qruplarının oyunlarını izləyirəm və əminəm ki, hər yeni mövsüm ölkə futboluna növbəti ulduzları bəxş edəcəyik.
 
- Artıq klub rəhbərliyində də kadr baxımından say azalmaları müşahidə olunmaqdadır. Bu durumdan çıxış yollarını nədə görürsünüz?
- Yuxarıda da bildirdiyim kimi, hazırda klubun kifayət qədər səriştəli kadrları mövcuddur. İllər ərzində istər yerli, istərsə də xarici mütəxəssislərdən, eləcə də beynəlxalq təcrübədən əldə edilən biliklər indi tam həyata keçirilməkdədir. Digər tərəfdən, klubun maliyyə imkanları kasad olduğundan, işlər əvvəlki kimi çoxşaxəli deyil. Bu kollektivlə yolumuza davam etməyi düşünürük. Gələcəkdə vəziyyət dəyişərsə, bu suala bir daha qayıda bilərik.
 
- Klubunuza sponsor dəstəyi hansı səviyyədədir: Yeni sponsorun gəlişi və ya sponsorların ayırdığı məbləğdə artım gözlənilirmi?
- Bildiyiniz kimi, mövsümün əvvəlində yeni titul sponsoru ilə müqavilə imzalandı. Hazırda müvafiq departament növbəti sponsorluq və ya əməkdaşlıq müqavilələri üzərində işləyir. Klubun imicinə xələl gətirməyəcək istənilən işbirliyi bizim üçün xoşdur. Hazırkı vəziyyətdə əlavə maliyyə dəstəyinin olması əsasən akademiyanın daha səmərəli işləməsinə şərait yarada bilər.
 
- Qış toplanışını harada keçirəcəksiniz: ölkə daxilində və ya xaricdə?
- Qış toplanışı üçün bir neçə variant üzərində işləyirik. Yaxın günlərdə açıqlama veriləcək.
 
- Bu dəfə də "Qəbələ"dən gedib-gələnlərin sayı çoxmu olacaq?
- Bu suala daha konkret cavab verə bilərəm. Komandadan heç kimin ayrılması nəzərdə tutulmayıb. Bir yeni futbolçunun cəlb olunması mümkündür. Onun əcnəbi olma ehtimalı yüksəkdir. Amma hansı mövqeyə alınacağını deyə bilmərəm. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest