"Neftçi" Peşəkar Futbol Klubu yeni idman direktoru Zaur Əzizovu təqdim edib. Matc.az xəbər verir ki, təqdimat "Bakcell Arena"da baş tutub.
 
Tədbirə klubun prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazov qatılıb. Əvvəlcə "Neftçi"nin prezidenti Kamran Quliyev yeni idman direktorunun təyinatından danışıb:
 
"Bu il "Neftçi" üçün uğurlu keçib. Avrokuboklar və yeni mövsümün ilk yarısı istədiyimiz kimi olmayıb. 2021-ci ili öz aktivimizə yaza bilərik. Klubumuzun əsas və əvəzedici komandası çempion olub. Bu klubumuza yaraşan uğurdur. Bizi yaxın gələcəkdə böyük uğurlar gözləyir. Hər sahədə insan resurslarını gücləndirmək istəyirik. İdman direktoru təyinatı son bir ayın məsələsi deyil. Yaydan bu məsələ qaldırılıb. Belə qərara gəldik ki, idman direktoru vəzifəsinə mütəxəssis təyin olunsun. Bir neçə namizəd içindən Zaur Əzizovu seçdik və onu məsuliyyətli işə layiq gördük. Əzizovun təyinatı səs çoxluğu ilə təsdiqləndi. Bu gün "Neftçi" ailəsinə yeni üzv qatılır. Əzizov "Xəzər Lənkəran"da və "Qəbələ"də tarixi uğurlara imza atıb. Bu il "Neftçi"də ən güclü transfer Zaur Əzizov oldu. 2022-ci ildəki transferlərdə o iştirak edəcək.
 
Rəy yazanların 90 faizi müsbət fikirdədir. 10 faizi isə onu tanımayanlardır. Zaur Əzizova uğurlar arzulayıram. "Neftçi" ailəsi güclü kadr qazanıb. 2018-ci ildən bu klubun transfer işlərini yaxından izləyirəm. Heç bir dəyişiklik yoxdur. Transfer işləri necə aparılmasından ayrıca danışaram. Bu, bir saatın, bir günün və bir şəxsin qərarı deyil. Zaur Əzizovun buraya sadəcə, əsas komandanın transferi üçün gəlməyib. O, əsas, əvəzedici komanda və akademiyaya cavabdeh şəxs olacaq. Transfer məsələlərinin daha dəqiq olmasını və əvəzedicidən əsas komandaya körpülərin düzgün qurulmasını istəyirik. Akademiyaya yaxşı nəzarət olunmasını hədəfləyirik".
 
"Neftçi"nin prezidenti Əzizovla ilk danışıqlarının hələ yayda Avropa çempionatının oyunları zamanı gerçəkləşdiyini açıqlayıb: "Yayda vaxtımız az idi. Sizə bir sirr açım: Zaur Əzizovla ilk söhbətimiz Avropa çempionatının oyunları vaxtı olub. "Neftçi"yə idman direktoru gətirmək məsuliyyətli işdir. Bunun üçün götür-qoy etmək və insanı tanımaq lazımdır. Bizim düşüncələrimiz və baxışlarımız üst-üstə düşdü. 5 ay ərzində görüşürdük, amma ciddi söhbətimiz son ayda gerçəkləşdi. Hesab edirəm ki, düzgün qərar vermişik. Hər şeyi zaman göstərəcək".
 
Quliyevin sözlərinə görə, uzunmüddətli strategiyanı idman direktoru təqdim edəcək və daha sonra vahid sistem yaradılacaq: "Buna uyğun olaraq addım-addım irəliləyəcəyik. Burada vahid kollektiv və imkanlar var. İmkanlar çərçivəsində uzunmüddətli strategiya tərtib ediləcək. "Qəbələ" klubunun rəhbəri Fariz Nəcəfova təşəkkür edirəm. Bizim söhbətimiz olub. Təbii ki, heç kim yaxşı kadrı itirmək istəmir. Heç kəs yaxşı insanla vidalaşmaq istəməz. Burada "Qəbələ" klubunu zəiflətmək kimi fikir yoxdur. Məndə fikir oktyabrda formalaşıb və həmin vaxt turnir cədvəlində rəqibimizi üstələyirdik. Biz daha güclü olmaq istəyirik və bu səbəbdən Zaur Əzizovu gətirmişik".
 
Klub rəhbəri paytaxt təmsilçisində yerli futbolçu faktorunun axsadığını etiraf edib: "Növbəti görülən işləri zaman göstərəcək. Biz klubda heç bir dəyişiklik gözlənilmir. Əsas komanda təlim-məşq toplanışına yollanacaq. Rəqiblər 1-2 günə bəlli olacaq. İdman direktoru yanvarın 1-dən fəaliyyətə başlayacaq. Hazırda ölkənin çempionu ola komandanın bir dəqiqəsi də yoxdur. Kimlərin qalib və ya gedəcəyi açıqlanacaq. Gələn ilin transfer işləri demək olar ki, bu gündən başlayır. Zaur Əzizovun təyinatını da şəxsən mən irəli sürmüşəm. Heç kim onun namizədliyini bilməyəndə artıq işə başlamışdım".
 
Quliyev "Zaur Əzizovla danışığınızda "Qarabağ" klubunun adı nə qədər səslənib" sualına da cavab verib: "Yaxşı rəqabət, güclü komandaların çempionatda olması bizim üçün stimuldur. "Neftçi"nin 2021-ci ildə uğur qazanmasının səbəbkarları çoxdur. Sponsorlar, idarəçilər və azarkelər və s. İnsan hansısa yola çıxanda bir örnək görür. Tək "Qarabağ"a yox, digər klublara baxanda hansısa məqamları görürük. "Qarabağ" haqqında və ya başqa klub haqqında çox danışmırıq. Uzun müddət "Sumqayıt"da işləmişəm. Lazım gələndə onların da adını çəkirik. "Qəbələ"nin bu gün etdiyi transferlər göz önündədir. "Qarabağ"da gənc futbolçulara verilən şansı da qeyd edərdim. Bunların hamısından danışırıq".
 
O, "əyalət təmsilçisindən başqa kadrları da "Neftçi"də görə bilərikmi" sualına bu cür cavab verib: "Bunu zaman göstərəcək. Klubumuzdakı kadrlar peşəkarlardır. Bizim hansısa klubda işləyən kadrla işimiz yoxdur. Bizə hansısa kadr lazım olsa, onunla söhbət edəcəyik. Zaur bəy nə vaxtsa, nəyisə məsləhət bilsə, həyata keçirəcəyik".
 
Zaur Əzizov da təyinatı ilə bağlı fikirlərini bölüşüb: "Kamran Quliyevdən təklif gəldi və qərarımı verdim. Bu kluba keçdiyim üçün şadam. ümid edirəm ki, hər birimiz və klubumuz üçün uğurlu olacaq. Deyilən sözlər məni məsuliyyətli edir. Etimadları doğrultmağa çalışacağıq. Klubun keçmiş azarkeşi kimi işimizin öhdəsindən gələcəyimizə ümid edirəm. Görəcəyimiz işlər eynidir. Klubdakı hədəflər bəllidir. "Nefçi"yə olan diqqət isə daha fərqlidir. İlk gündən bunun fərqindəyəm. Bu barədə narahatlığım yoxdur. Hər klubda çatışmayan bir çox cəhət ola bilər. Klub rəhbərliyi, məşqçilər korpusu ilə müzakirələr apardıqdan sonra çatışmayan cəhətlər barədə danışa bilərik. Sabit komanda yaratmağın bir yolu var: Uğurlu məşqçilər korpusu və futbolçu heyəti formalaşdırmaq. Bunlar "Neftçi"də kifayət qədər var. Əsas məqsədimiz inkişaf olacaq. Əsas komandanı akademiyadan ayırmaq olmaz. İlkin dönəmdə işlə tanış olacağıq. Klubun akademiyası ilə bağlı hələlik kifayət qədər məlumatım yoxdur. Müəyyən vaxtdan sonra müzakirələr olacaq.
 
Qışda klublarda ciddi dəyişiklik olmur. Yay üçün yaxşı vəziyyətə gəlmək lazımdır. Avrokuboklara kimi dəyişikliklər etməliyik. çatışmazlıqlarımız da bəllidir. Baş məşqçi Samir Abasov haqqında müsbət fikirdəyəm. Əminəm ki, uğurlu şəkildə bərabər işləyəcəyik. Onunla ilk dəfə birlikdə çalışacağıq. İlk görüşümüz də qısa olub. Bu isə fikir bildirmək üçün kifayət etmir. Abasov baş məşqçiyə lazım olan özəl xüsusiyyətlərə malik insan və mütəxəssisdir. Ona necə kömək ola bilərəmsə, 24 saat buna hazıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest