"Neftçi"nin hücumçusu Ramon Maçado klubun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, 2021-ci ili dəyərləndirən braziliyalı futbolçu yeni ilin həm özü, həm də "Neftçi" üçün uğurlu və düşərli olacağına inandığını bildirib.
 
- 2021-ci il geridə qalmaq üzrədir. Yeni il bayramını necə qeyd edəcəksən?
- Hazırda Braziliyadayam və Yeni il bayramını ailəmlə birlikdə qeyd edəcəyəm. Yanvarın 3-də Bakıya qayıdacağam deyə, bayramı qeyd etmək üçün elə də çox vaxtım yoxdur. Vətənimə dincəlmək, daha çox enerji toplamaq üçün gəlmişəm.
 
- 2021-ci ili, həmçinin bu mövsümün ilk hissəsində "Neftçi"nin çıxışını və öz oyununu necə dəyərləndirirsən?
- öz çıxışımdan, demək olar, razı qaldım, amma düşünürəm ki, mən daha yaxşı oynaya, komandamız isə daha yaxşı nəticələr göstərə bilərdi.
 
- Ağ-qara formada meydana çıxdığın 11 oyunda 3 qola imza atmısan. Necə düşünürsən, daha çox qol vurmağına nə mane oldu? ümumiyyətlə, mövsümün ikinci hissəsində "Neftçi"dən və öz oyunundan nə gözləyirsən?
- Hesab edirəm ki, vurduğum 3 qol məni qarşıdakı oyunlarda daha çox fərqlənmək üçün ruhlandıracaq. İnanıram ki, yeni il həm mənim, həm də komandamız üçün uğurlu və düşərli olacaq.
 
- Peşəkar karyeranın lap əvvəlində Almaniyanın "Regensburq" klubundakı çıxışını nəzərə almasaq, Azərbaycan sənin legioner həyatı yaşadığın ilk ölkədir. ölkəmiz və paytaxt Bakı haqqında nə deyə bilərsən?
- Azərbaycan və Bakı sözün həqiqi mənasında məni təəccübləndirdi. Mən və ailəm bu gözəl şəhərdə çox xoşbəxtik. "Neftçi"də hələ uzun illər oynamaq istəyirəm.
 
- Yəqin ki, qış fasiləsindən sonra azarkeşlər səndən daha çox qol gözləyəcəklər. Onlara sözün varmı?
- "Neftçi"də qarşıya qoyulan məqsədlərə çatmaq üçün indi özümü daha hazır hesab edirəm. Azarkeşlər mənim timsalımda meydanda daha güclü və daha iradəli futbolçu görəcəklər. İnanıram ki, onların ümidlərini doğruldacağam.
 
- Yeni – 2022-ci ildən gözləntilərin nədir?
- Yeni ildən gözləntilərim çoxdur. Arzu edirəm ki, daha çox oynamaq şansı qazanıb, daha çox qollar vurum və "Neftçi"nin məqsədinə çatması üçün yaxşı nəticələr göstərməsində faydalı olum.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest