Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Legiya" klubundan ayrılmağa qərar verib. Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Varşava təmsilçisi yanvarın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına başlayacaq. Mahir isə komanda ilə birgə bu səfərə yollanmayacaq. Buna səbəb kimi azərbaycanlı futbolçunun Plotsk "Visla"sı ilə oyundan (0:1) sonra baş vermiş insidentin baş verməsi göstərilib.

Hazırda futbolçu ailəsi və meneceri ilə birgə "Legiya"dan ayrılmağın yolları haqqında düşünür. Klub onun ayrılmaq istəyinə qarşı çıxsa, o zaman tərəflərin məhkəməyə üz tutması da istisna olunmur. Hazırda tərəflər arasında danışıqlar davam edir.

İndiki məqamda hansısa klubun Mahiri transfer etməsi hər iki tərəf üçün münasib variant hesab olunur. Polşalı həmkarlarımız hələlik Emreli üçün "Legiya"ya konkret təkliflə müraciət etmədiyini bildirirlər.

Xatırladaq ki, məlum insident zamanı Mahir Emreli və komanda yoldaşı Lukinyas azarkeşlər tərəfindən döyülmüşdü. Məhz həmin gündən bəri millimizin üzvü həm məşqlərdə, həm də oyunlarda iştirak etmirdi. Son dövrlərdə onun Macarıstanın "Ferentsvaroş" klubuna keçəcəyinə dair xəbərlər də dolaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest