Klublarımız qarlı-şaxtalı Antalya toplanışını birtəhər başa vurub ölkəyə qayıtdıqları bir vaxtda, qaragünlü çempionatımızın başlamasına bir neçə gün qalmış yenə bir qara-qışqırıq düşüb.

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev qol.az saytına müsahibəsində deyib ki, bəs futbolçu və məşqçilərimizdən başqa heç kimin bizi tənqid etməyə haqqı yoxdu. Fikrini onunla izah edib ki, bəs biz qar demədən, boran demədən meydanda qaçırıq, qaranəfəs oluruq, qarnımızdan tər axır, əziyyət çəkirik, amma bu qara donlu kafirlər əziyyətimizi qiymətləndirmirlər, bizə işimizi öyrətməyə çalışırlar. Sonra da deyib ki, nolsun ki, qarşımıza çıxan rəqiblərin 90 faizindən zəifik, onlar meydanda addım-addım irəli gedəndə, biz də qarış-qarış gəzirik, əsas odu ki, bacardığımızı ortaya qoyuruq.

Həə, bax burda Kərəmi ağlamaq tutur.

Burdan Qarayevə səslənmək istəyirdim. Qardaşım, dünyanın ən böyük futbolçuları, ən uğurlu məşqçiləri, ən çox kubok qazanan komandaları belə azarkeş, jurnalist və  mütəxəssislərin tənqidindən qaça bilmirsə, siz, yəni azərbaycanlı futbolçular özünüzü necə bir div aynasında görürsünüz ki, tənqid etmək, irad bildirmək üçün haqq, hüquq paylayırsız. Yadımdadı, azarkeşlər haqqında da "bu oyuna gəlməyənlər artıq bizim azarkeşlərimiz deyil" demişdiz. Deyəsən, klubda, ya da millidə təsnifat işini sizə həvalə ediblər. Kim əsl azarkeşdi, kim deyil, kimin tənqidə haqqı var, kimin yoxdu kimi məsələləri siz ayırd edirsiz. Mən qaramat adam deyiləm, amma əgər elədirsə, bir canıyanan adam kimi deyim ki, səhv edirsiz. Necə ki meydanda səhvləriniz "en" qədərdi, elə meydandan kənarda da bundan fərqli deyil.

Deyirsiz ki, adamlar elə danışır ki, sanki bizimlə birlikdə meydanda 90 dəqiqə onlar da qaçır. Gülməlidi... Mən matçboyu səninlə birlikdə qaçmasam da, oyundan 1 saat əvvəl və bir neçə saat sonraya qədər 90 dəqiqə də daxil olmaqla yağışın, küləyin, günün, şaxtanın, istinin qabağından bir ayağımı qaldırıb, birini salıb futbolçuları izləyirəm. Heç kimə maraqlı olmayan oyunlarınızdan yazıram, heç kimə maraqlı olmayan sözlərinizi paylaşıram ki, bəlkə az da olsa, maraq yarada bilim. İndi deyirsiz ki, mənim, onun, o birinin haqqı yoxdu irad bildirməyə?

ümumiyyətlə, bu haqq nədi, harda paylanır, biz də alaq, sözümüzü deyək?!

Haqdan, hüquqdan danışırsız, bəs Avropanın o ölkəsindən bu ölkəsinə sizin ardınıza düşüb şəhər-şəhər, küçə-küçə gəzən, hava limanlarında bütün komandanı tək qarşılayan, səsi boğulana qədər şüar səsləndirən o azarkeşin haqqına girmək deyilmi bu?

Onsuz da yaşayışın çətin vaxtında boğazından kəsib 3-5 manata bilet alan, işini-gücünü, istirahətini yarımçıq qoyub stadionlarda sizi dəstəkləyənlərin haqqına girmək deyilmi bu?

Haqqdan söz düşmüşkən, hamınızın üstündə bəlkə də valideynləriniz qədər haqqı olan böyük adam, Qurban Qurbanovun millidən ayrılması haqqında iki kəlimə danışmağa cəsarətiniz çatmadı. Futbolçu bir yerə qədər danışa bilir deyirsiz, heç yarım yerə qədər də danışmadınız, amma mövzu azarkeşlər, jurnalistlər olunca, haqq-hüquq davası edirsiniz.

Şair demişkən, sən axı bilmirsən, hardan biləsən?!

Tarixi boyu düşdüyü ən zəif qrupda birinci yeri tuta bilməyən, birinci yer cəhənnəm, iki oyunda Maltaya qalib gələ bilməyən, Kosovoya biabırçı hesabla uduzan komandanın futbolçusu olaraq danışmağa, həm də bu şəkildə, əmr tonu ilə, incik notlarla, minnət qoymaqla danışmağa özündə güc tapırsansa, mənim daha deyəcək sözüm yoxdu...

Kosovo ilə futbol tariximizin ən vacib matçında hamı milliləşdirilmiş legionerləri günahlandırdı. Amma həmin görüşün ən zəifi Qara idi. Bunu hamı bilirdi, amma nədənsə yalnız legionerlər "satqınlıq"da günahlandırıldı. Məhəllə səviyyəsində belə oyun göstərməyən Qarayev İnstat proqramını inanmıram bilə. Amma "Qarabağ"da bu məsələdə Qaraya kömək edəcək mütəxəssislər var. Bir zəhmət, əgər məhəllə səviyyəsindən aşağı olduğu haqda sözlərimizi qərəzli sayırsa, İnstatda Kosovo ilə oyundakı performansına baxsın. "Satılıb" deyilən bütün milliləşdirilmiş futbolçulardan qat-qat bərbad oynadığını bəlkə onda anlayar. Anlayandan sonra gedib bir daha həmin görüşün videoyazısını izləyər. İzləyəndən sonra imkanı olsa, zərrə qədər utanar...

Zaur XUDİYEV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest