Nəhayət, Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır. 2019-cu ilin ilk turunda elə oyun baş tutacaq ki, bunu həyəcanla gözləməyən futbolsevər yoxdu.

Bəli, 96-cı Azərbaycan derbisində "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Tarixi rəqabətlə yanaşı, komandaların çempionluq uğrunda bir-biriləri ilə yarışması qarşılaşmanın prinsipiallığını birə-beş artırır. Bu mövsüm yüksəlişə keçən və ilk yarını zirvədə tamamlayan "Neftçi", nəhayət "Qarabağ"ın hegemonluğuna son qoymaq əzmindədi. Bazar günü Tofiq Bəhramov adına Respublika Stadionundakı mümkün qalibiyyət Roberto Bordinin kollektivini buna xeyli yaxınlaşdıracaq. Digər tərəfdən Qurban Qurbanov və komandası da titulu növbəti dəfə qorumaqda qərarlıdı. Bu baxımdan indidən gərginliyin, təzyiqlərin olması başadüşüləndi. Bəs komandalar, bəlkə də, çempionluğun taleyini müəyyənləşdirəcək derbiyə hazırdılarmı?

Qış toplanışındakı fərqlər

Həm "Neftçi", həm də "Qarabağ" qış toplanışını Antalyada keçdilər. Yeganə fərq baklıların Manavqatda, ağdamlıların isə Belekdə məskunlaşması idi. Qonşu ölkədə hava şəraitinin əlverişsiz olması hər iki çalışdırıcının planlarına təsir göstərdi. "Qarabağ"ın yanvarın 12-də "Botoşani", "Neftçi"nin isə 20-də "İstiqlal"la nəzərdə tutulan görüşü baş tutmadı. Düzdü, "flaqman" sonradan anlaşdığı iranlılar önünə çıxmaqdan Bordinin qərarı ilə imtina etdilər. Nəticədə paytaxt təmsilçisi Antalyada 3 yoxlama görüşü ilə kifayətlənməli oldu. Rumıniya "Qaz Metan"ı (3:0) və Bolqarıstan "Beroe"si (4:0) üzərində quru və böyük hesablı qalibiyyət həm müdafiə, həm də hücum xəttində işlərin qaydasında olmasından xəbər verirdi. Yalnız çexiya "Slovan"ı çempionatımızın liderini məyus edə bildi - 1:2.

"Qarabağ" isə rəqibi ilə müqayisədə daha sıx qrafikdə çalışdı və 4 yoxlama görüşündə qüvvəsini sınadı. üstəlik, Qurban Qurbanovun komandasının rəqiblərini "Neftçi"ninkindən sanballı saymaq olar. "Bohemians"a (çexiya) 3:1 hesabı ilə qalib gəlib, "Pyast"la (Polşa) bərabərə qalan (1:1) ağdamlılar Macarıstan "Uypeşt"i (0:1) və Ukrayna "Şaxtyor"una (1:3) yenildi. "Qarabağ"ın istər yay, istərsə də qış fasilələrindəki yoxlama görüşlərində məğlubiyyətləri artıq adi hal alıb. Bu üzdən belə matçlarda nəticəni qabartmaq məntiqsizdi. Reallıq isə odu ki, Qurbanov italiyalı həmkarından daha yaxşı hazırlıq keçmək imkanı əldə edib. Hər halda "Qarabağ"ın Antalyada 21, "Neftçi"nin 14 gün qalması, üstəlik, yoxlama görüşlərinin sayı və rəqiblərin gücü ağdamlıları hazırlıq baxımından bir addım önə çəkir.

Dariosuz "Neftçi"?..

Toplanışla yanaşı, transferlərin də ikinci yarı üçün ciddi təsiri ola bilər. "Neftçi"nin qış "bazarlığını" rəqibindən hərəkətli keçirdiyini söyləmək olar. İki Mamadudan sonra Vangelis Platellasla güclənən "flaqman" lazımsız Rəşad Eyubov, Rəşad Əzizli və Kvame Karikarini yola saldı. Bunu nəzərə alsaq, "Neftçi"nin zəifləmədiyi, əksinə, gücləndiyi göz önündədi. Platellasın toplanış çərçivəsində meydana çıxdığı ilk oyundaca yaxşı təsir bağışlaması və gözəl qola imza atması ona olan ümidləri xeyli artırdı. Mbodj və Kane isə hələlik "sirli qutu"du. Yalnız aparıcı oyunçulardan olan Dario Frederikonun gedişi vəziyyəti qəlizləşdirə bilər. Cənubi Koreyadan sərfəli təklif alan braziliyalının bu həftə Asiyaya dönməsi və onun yerinə Ziqi Badibanqanın transferi istisna deyil. Dario qeyri-stabil, hətta Badibanqadan zəif oyunçu da ola bilər. Ancaq fakt odu ki, komandada əvəzolunmaz mövqedə qərarlaşıb. "Qarabağ"la oyunöncəsi bu proseslər "Neftçi"nin hücum gücünə kifayət qədər zərbə vuracaq. çünki qış toplanışı keçməyən Badibanqa hazırda Frederikonu əvəz edəcək durumda deyil. Bundan başqa, Mirabdulla Abbasovun hələ də mərkəz hücumçusu kimi alternativsiz qalması mövsümün gedişində Bordinin başını ağrıda bilər.

Almeyda öz boşluğunu doldurdu

"Neftçi" kimi, "Qarabağ" da qış fasiləsində zəifləmədi, əsas heyət üzvlərinin hamısını saxladı. Coşqun Diniyev və gənc Turan Vəlizadənin gedişinin isə heç bir təsiri olmayacaq. Əvəzində ölkə çempionu bu mövsüm ən çox əziyyət çəkdiyi mövqedəki problemi çözüb. Riçard Almeydanın gedişindən sonra Qurbanov oyun sistemində də dəyişiklik edərək, üstünlüyü cinahlara vermişdi. Belədə isə rəqiblər komandanın oyununu "oxuya" bilirdi. Ancaq Almeyda cəmi 6 aydan sonra geri qayıdaraq, öz boşluğunu doldurdu. "Qarabağ"ın digər problemi hücum xətti ilə bağlı idi. Düzdü, komanda qol sarıdan problem yaşamırdı. Ancaq bu məsələdə yük bütünlüklə yarımmüdafiəçilərin üzərinə düşürdü. Qazaxıstandan digər tanış sima - Reynaldo Silva bunun üçün qaytarıldı. Amma ideal formadan uzaq olan braziliyalı hələ komandasına lazımi qədər kömək etmək iqtidarında deyil.

Beləliklə, həm təlim-məşq toplanışını, həm də transferləri nəzərə alsaq, 5 gün sonra keçiriləcək Azərbaycan derbisinə "Qarabağ"ın nisbətən daha hazırlıqlı olduğunu söyləmək olar. Həftəsonu baş tutacaq 90 dəqiqəlik mübarizə isə ya ən azı növbəti tura qədər vəziyyəti dəyişməyəcək, ya da komandalardan birini çempionluğa daha da ümidləndirəcək.

 

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest