"Belçika ilə görüşdə yorğunluq var idi. çünki uzaq yol qət etmişdik, istirahət üçün vaxtımız olmamışdı. Oyuna isə pis başladıq. Bu qarşılaşma haqqında danışmaq belə istəməzdim. Elə şeylər oldu ki…" Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov deyib.

Avropa çempionatının startı öncəsi komandanın hazırlıq prosesini dəyərləndirən təcrübəli futzalçı bildirib ki, Belçikaya 3:5 hesabı ilə uduzduqları qarşılaşmada yorğunluqla yanaşı, hakimlərin səhvi onlara psixoloji cəhətdən çox pis təsir edib: "Birinci hissənin yarısından etibarən özümüzə gəlməyə başladıq və normal mübarizə getdi. Sadəcə, komanda yoldaşımızın qırmızı vərəqə alması əsəbləri daha da tarıma çəkdi. Bütün bunlara görə, heç kim həmin oyundan danışmaq istəmir. Hazırlığa gəlincə, hər şey normaldır. Düzdür, həm zədədən yeni qayıdan, həm də yeni zədə alan oyunçularımız var. Əslində, bütün bunlara hazırlıqlı idik. Niderlandda ilk məşqimizi etdik. Baxmayaraq ki, yorğunluq vardı. Sabahdan tam rejimə düşəcəyimizə inanıram. Avropa çempionatında ilk oyunumuza qədər iki məşqimiz qalıb. Yaxşı istirahətdən sonra həmin məşqlərdə maksimum yaxşı hazırlaşacağımızı düşünürəm".

Bağırovun sözlərinə görə, hazırda komandada zədələrlə yanaşı, xəstəliklə bağlı da problemlər var: "İnşallah, bu problemlər ən qısa zamanda həll olunar. Avropa çempionatında ilk oyunumuz Gürcüstana qarşı olacaq. Bizim üçün hər şey bu görüşdən asılıdır. İlk qarşılaşma nə qədər çətin olursa, bir o qədər də həlledici xarakter daşıyır. çünki qrupdan çıxmaq, mərhələ adlamaq üçün qələbə qazanmağın önəmi böyükdür. Gürcüstan yığmasında da legionerlərin sayı çoxluq təşkil edir. çətin oyun keçəcəyini düşünürəm. Amma uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, ilk turdan qələbə ilə ayrılıb, ikinci matçda da qrupdan çıxmağı təmin edərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest