"Yoldaşlıq oyunu keçirməyimiz də yaxşı oldu. Zəif tərəflərimizi gördük və qısa vaxtda sürətli şəkildə aradan qaldırmağa çalışırıq"

"Bilirəm ki, 20 yanvar Azərbaycan tarixində xüsusi bir gündür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar heç vaxt unudulmayacaqlar". Matc.az xəbər verir ki, bunu Azərbaycan futzal yığmasının üzvü Qallo deyib. 
 
Niderlandda Avropa çempionatının final mərhələsinə hazırlaşan millimizin üzvü bildirib ki, bütün fikirləri ilk oyuna yönəlib: "Komanda gün keçdikcə daha yaxşı olur. Təbii ki, hamımız Gürcüstanla keçirəcəyimiz oyuna köklənmişik. Son bir həftədə daha intensiv hazırlıq keçmişik. Yoldaşlıq oyunu keçirməyimiz də yaxşı oldu. Zəif tərəflərimizi gördük və qısa vaxtda sürətli şəkildə aradan qaldırmağa çalışırıq.
 
Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız çempionat üçün darıxmışıq. Əminəm ki, yaxşı çıxış edəcəyik və uğur qazanacağıq. Bura o məqsədlə gəlmişik. Tapşırığımız məlumdur - minimum vəzifəmiz qrupdan çıxmaqdır.
Məncə, komanda oyunlara hazırdır. Düzdür, qarşıda daha 2 məşqimiz var. İndi ancaq taktiki planda və standartlar üzərində çalışırıq. İşimiz pis alınmır. Hər məşq yaxşı olmaq baxımından bizə kömək edir. Xırda detallar qalıb ki, onu da tamamlayacağıq. Bu əsasən standartlarla bağlıdır".
 
Qallonun fikrincə, Avropa çempionatında zəif komanda olmur: "çempionat buna görə digər qitələr üçün də maraqlıdır. Azərbaycan millisinin formasını geyinməkdən, bu komanda ilə uğur qazanmaq üçün mübarizə aparmaqdan məmnunam. Qrupumuzda fərqli oyun üslubuna və gücə malik komandalar yer alıb. Biz keçirdiyimiz son yoldaşlıq oyunlarında yaxşı nəticələr qazana bilməsək də, rəsmi görüşlərdə bunları unutduracağıq.
çempionatın daha çox komandanın iştirakı ilə keçirilməsi də marağı artıran məqamdır. Futzal bayramı daha çox müddəti əhatə edəcək, Oyunlar arasında fasilə - deməli, bərpa və hazırlaşmaq müddəti də çox olacaq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest