"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Serbiyanın "Boçka Tobola" və Polşanın "Şlyonsk" komandalarına qarşı keçirdikləri yoxlama oyunlarını şərh edib. Matc.az xəbər verir ki, o, müvafiq olaraq 0:1 və 2:3 hesabı ilə uduzduqları görüşlə bağlı bunları söyləyib:

"Hər iki oyundan razı qaldım. Futbolçuların yüklənməsinin son günü idi. Əvvəlki günlərdə həddən artıq yüklənmişdilər. Bu prosesi yaxşı oyunla tamamlamaq istəyirdik. Yaxşı rəqiblərlə qarşılaşdıq. Hər iki oyunda rəqibin bizdən daha hazırlıqlı olduğunu gördük. Futbolçularımız hər iki matçda 90 dəqiqə dinamik oyun sərgilədilər. Eyni zamanda, rəqib də bizi buna məcbur etdi. Razı qaldığım daha bir məqam əksər futbolçuların 90 dəqiqə meydanda qalması oldu. Matçdan sonra dərhal fiziki göstəricilərə də nəzər saldıq. Bəzi oyunçuların göstəricilərindən çox razı qaldım. Qarşıdakı iki gündə yaxşı istirahət edəcəklər, bərpa məşqləri olacaq. İnşallah, son oyunda daha yaxşı vəziyyətdə olacağıq".

Qurbanov yeni oyunçuların hazırlıq səviyyəsindən və uyğunlaşma prosesindən də söz açıb: "Adaptasiya pis deyil. Amma hazırlıq səviyyəsi komandada olan oyunçulardan aşağıdır. çünki heyətə gec qoşulublar, daha çox məşqsiz qalıblar. Ona görə bir az ethiyatlanırıq. Onların optimal formaya düşməsinin digərlərindən daha çox alacağını düşünürəm. Əsas odur ki, çox istəklidirlər".

Baş məşqçi bu iki oyunda şans verdiyi gənclərin mövsümün qalan hissəsində rəsmi matçlarda da meydana çıxacaqlarını söyləyib: "Mütləq! Qarşıda daha iki yoxlama oyunumuz var. Heyətdə rotasiyalar aparacağıq, hansı futbolçular daha hazırlıqlı olacaqsa, tapşırıqlara daha dəqiq əməl edəcəksə, onlara şans verəcəyik. Bütövlükdə, heyətdəki hər bir futbolçudan razıyam".

Qurbanov Serbiya klubu ilə oyunda Rüstəm Əhmədzadəni sağ cinah vingeri kimi oynatmasına da aydınlıq gətirib: "Rüstəm Ukraynada da daha çox sağ cinahda çıxış edirdi. Bilirsiniz ki, mən sağ cinahda oynayan futbolçunun yaxşı sol ayağının olmasını da xoşlayıram. Rüstəm sürətli oyunçudur. İlk oyunda da rəqib müdafiəçilərlə mübarizədə bir neçə sürətli reydi ilə onlardan aralanmağı bacardı. Yaxşı ötürmələri də oldu. Onu həm bu cinahda, həm də ön xətdə yoxlamağa çalışacağıq. Qarşıdakı günlərdə, aylarda onun tam potensialını üzə çıxarmaq üçün müxtəlif mövqelərdə oynamasına şərait yaradacağam. Rüstəmin yaxşı gələcək vəd edən futbolçu olduğuna inanıram".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest