ADBTİA, "Azərsun Arena" və ya Tofiq İsmayılov, "Bakcell Arena" və ya 8-ci km, "Dalğa Arena", "Gənclik", "Əlincə Arena",  "İmarət", "İnşaatçı", İsmət Qayıbov, Mehdi Hüseynzadə, Mingəçevir, Qəbələ, Quzanlı, Yevlax stadionu. Bütün bu stadionları birləşdirən məqam onların müxtəlif vaxtlarda Azərbaycan derbisinə ev sahibliyi etməsidi.

Söhbət ölkənin iki ən titullu klubu – "Neftçi" və "Qarabağ" arasında duellərdən gedir. Amma təbii ki, derbinin ən böyük məkanı Tofiq Bəhramov adına Respublika stadionudu.

Topaz Premyer Liqasının cari mövsümünün ikinci yarısının startında üz-üzə gələcək rəqiblər yenə ölkənin "1 nömrə"li arenasına çıxacaq. ölkəmizin ən köklü idman qurğusu isə bu rəqibləri qəbul etməyə adət edib.

İki adla

İki Azərbaycan nəhənginin ilk dueli də bu stadionda baş tutub. 1992-ci ilin payızında "Neftçi" "Qarabağ"ı qəbul edəndə, arena indiki adını da daşımırdı. Onda Tofiq Bəhramovun adı verilməyən Respublika stadionu ilk derbiyə qucaq açmışdı. Yalnız sonradan arena ünlü hakimin adını daşımağa başladı. Stadion isə həm əvvəlki, həm indiki adı ilə derbini qəbul edən stadionlardan oldu.

üç "amplua"da

"Tofiq Bəhramov"un derbi üçün xüsusi bir özəlliyi də var. Arena iki komanda arasında duellərdə üç "amplua"da çıxış edib. Uzun illər "Neftçi" burada "Qarabağ"ı qəbul edib. Sonradan isə Ağdam klubu paytaxt təmsilçisini öz meydanında qarşılayıb. "Tofiq Bəhramov" bir neçə dəfə neytral meydan kimi iddialıların mübarizəsinə məkan olub.

3 duel

"Qarabağ"la "Neftçi" arasında Respublika stadionundakı 3 matçda arena neytral meydan xarakteri daşıyıb. Bu oyunlardan ikisi 1995/96 mövsümünə təsadüf edib. çempionatın final mərhələsindəki "altılığ"ın duelində "Neftçi" 2:1 hesabı ilə qalib gəlib. Kubokun finalında da bakılılar qələbəyə sevinib – 3:0. Həmin vaxtlar arena məhz "Neftçi"nin sərəncamında olduğundan komanda doğma stadiona neytral meydan kimi çıxmağından maksimum yaralanıb. 2015/16 mövsümündə kubokun finalında isə yerlər dəyişib. "Qarabağ"ın istifadəsində olan, amma neytral meydan statusu daşıyan arenada ağdamlılar 1 cavabsız qolla qalib gəlib.

"Neftçi"də iki dönəm

İlk derbinin baş tutduğu 1992-ci ildən 2000-ci ilədək, həmçinin 2004-11-ci illərdə "Neftçi" ev oyunlarını Respublika stadionunda keçirib. Bu görüşlər əsasən heç-heçələrlə yadda qalıb. "Qarabağ" bu arenada ilk qələbəsini 1-ci dueldən 15 il sonra – 2006/07 mövsümündə qazanıb. ümumiyyətlə, "Neftçi" bu stadionundakı ev oyunlarında yalnız 2 dəfə ağdamlılara uduzub. Bakılıların özləri də cəmi 7 dəfə qalib gəlib. 23 oyunun 14-də, az qala 61 faizində isə heç-heçə qeydə alınıb. Top fərqində də meydan sahibləri üstün olub – 21:12.

"Qarabağ" məğlubiyyətlə başladı

"Qarabağ" "Neftçi"ni ilk dəfə Respublika stadionunda 2003/04 mövsümündə qəbul edib. İndi olduğu kimi, onda da bu matç çempionluğun taleyi baxımından böyük əhəmiyyət kəsb edirdi. Həmin vaxt "ağ-qaralar" 3:1 hesablı səfər qələbəsinə sevinmişdi. 2010/11 mövsümündən başlayaraq əyalət klubu rəqibini fasilələrlə bu stadionda qəbul edib. "1 nömrə"li arena səfərdə də "Neftçi"yə uğurlu olub. Buradakı 8 səfər oyununda 3 qələbə qazanan bakılılar eyni sayda heç-heçə edib və 2 dəfə uduzub. Bu, top fərqində də özünün əksini tapıb – 10:8.

Unudulmaqda olan arena

Hər iki komandanın ev oyunlarını bu arenada keçirdiyi vaxtlar da olub. Bu üzdən də 2010/11 mövsümünün ilk mərhələsində hər iki qarşılaşma eyni stadionda baş tutub. Əvəzində son 4 ildə stadion ikinci dərəcəliyə çevrilib. "Qarabağ" Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu təmir edib "Azərsun Arena"ya çevirərək orada məskunlaşıb. "Nefçi" isə "Bakcell Arena"ya çevrilən 8-ci km qəsəbə stadionuna "köçüb". Nəticədə 2015-ci ildən indiyədək yalnız 2 derbi Respublika stadionunda keçirilib. Bunların biri kubokun finalı, digəri isə qolsuz bitən ağdamlıların yarımfinaldakı ev oyunudu.

"Bəhramov" 35-ci derbinin astanasında

Topaz Premyer Liqasının XV turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu rəqiblərin bu arenada 35-ci dueli olacaq. Fevralın 3-dəki matçadək baş tutan 34 derbidə bakılılar üstünlüyə malikdi. 12 qələbəsi olan paytaxt təmsilçisi burada 5 məğlubiyyət alıb. Matçların tən yarısı 17 oyun isə sülhlə nəticələnib. Arena derbilərdə 60-cı dəfə qola şahid ola bilər. İndiyədək stadiondakı matçlarda 58 qol vurulub. "Qarabağ" 22, "Neftçi" 36 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest