"Şerif"in hücumçusu Ziqi Badibanqanın "Neftçi"yə transferi an məsələsidi. Matç.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.

Bildirilir ki, belçikalı forvardın Tiraspol klubunda işləri qaydasında getmir. Belə ki, 28 yaşlı oyunçu baş məşqçi Qoran Sabliçlə yola getmir. Bu səbəbdən o, komandanın Antalya toplanışına da aparılmamışdı.

"Şerif"lə müqavilə müddəti yaya qədər olan Konqo əsilli futbolçu rəhbərliyin yeni sözləşmə təklifini də geri çevirib. Badibanqanın "Şerif"lə bir gələcəyinin olmadığını qəbul edən tiraspollular onu müəyyən məbləğ qarşılığında "Neftçi"yə satmağa hazırdı. Sabiq baş məşqçisi Roberto Bordinin "Neftçi"ni çalışdırması da forvardın seçiminə təsir göstərib. Transferin bu həftə ərzində açıqlanması gözlənilir.

Qeyd edək ki, 2017-ci ilin yanvarından "Şerif"in formasını geyinən Ziqi Badibanqa bu komandada 60-dan çox oyun keçirib, 20 qola imza atıb. O, ötən mövsüm Moldova çempionatının ən yaxşı əcnəbi futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest