"Neftçi"nin braziliyalı futbolçusu Dario Frederikonu Cənubi Koreyanın "Daequ" klubuna satması birmənalı qarşılanmayıb. Matç.az xəbər verir ki, braziliyalının transferi barədə yazı hazırlayan azerifootball.com portalından olan həmkarlarımız bu keçidi doğuran səbəblərə toxunub.

Dario Frederiko yanvarda keçirilən yoxlama oyunlarında "Neftçi"nin ən yaxşı futbolçusu olub. Braziliyalı Türkiyədə həm qol vurur, həm məhsuldar ötürmə verir, həm də 2-3 rəqibini keçirdi. Amma klub rəhbərliyi "Qarabağ"la vacib oyundan bir neçə gün əvvəl aparıcı futbolçusunu satmağa qərar verdi...

Darionun "Neftçi"ni tərk etmək istəyi çoxdan bəlli idi. Braziliyalı heç cür dərk edə bilmirdi ki, niyə digər legionerlərlə müqayisədə az – ayda 10 min dollar alırdı. Slavko Braliç, Qoran Paratski kimi "balkanlı sərnişinlər" yayda vingerlə müqayisədə daha sərfəli müqavilələr imzalamışdı. Dario isə futbol dili ilə desək fərqi rəqib qapısı önündə göstərirdi. "Kötük" Kvame Karikarinin maaşı isə ümumiyyətlə braziliyalıdan iki dəfə çox idi.

Artıq uzun müddət idi ki, Dario Frederiko başqa variantlar axtarırdı. Bunu o da təsdiqləyir ki, braziliyalı müvafiq adamlara "Neftçi"dəki oyunu ilə bağlı videoçarxlar sifariş edir və bu görüntüləri "Youtube"də yerləşdirirdi. Son 4 ayda Darionun 4 videosu internetdə yer alıb. Əgər futbolçu belə edirsə, əmin olun ki, xoşbəxt deyil və başqa variantlar axtarır.

Dario öz xoşbəxtliyini Cənubi Koreyada tapdı. Bundan sonra 27 yaşlı braziliyalı artıq iki həmyerlisinin də çıxış etdiyi "Daequ"nun oyunçusudu. Darionun yeni klubu son mövsümdə 7-ci yeri tutub və növbəti çempionatda daha yaxşı oynamaq niyyətindədi. "Neftçi" isə fəal şəkildə yeni vinger axtarır. Böyük ehtimalla da bu "Şerif"in əsas komandadan uzaqlaşdırdığı və Türkiyə toplanışına aparmadığı Ziqi Badibanqa olacaq...

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest