"Sabah"ın baş məşqçisi Murad Musayev "Match TV"yə geniş müsahibə verib. Matc.az xəbər verir ki, 39 yaşlı rusiyalı mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçməklə bağlı ilk dəvəti İctimai Televiziyanın baş direktoru Balaş Qasımovdan aldığını bildirib: 
 
"Sabah"ın adının mənası növbəti gün, gələcək deməkdir və klub "Bridge company" şirkətlər qrupuna aiddir. Bir neçə dəfə "Zoom" proqramı vasitəsilə söhbətimiz oldu. Sonra komandanın oyunlarından birini izləmək üçün Bakıya uçdum. "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və baş direktoru Ramin Həsənovla tanış oldum. Amma ilk dəvət tanınmış ekspert Balaş Qasımovdan gəlib".
 
O, Qasımovla əvvəllər heç bir tanışlığının olmadığını söyləyib: "Zəng etdi, "Krasnodar"a həmişə rəğbət bəslədiyini dedi. Daha sonra "Sabah" kimi bir layihənin mənə maraqlı olub-olmamasını dəqiqləşdirdi. Görünür, klub prezidenti ilə dostdur və bu komandaya azarkeşlik edir. Bir az fikirləşdim, amma eyni zamanda "Sabah"ın harada oynadığını və məşq etdiyini gördüm, şəhərə göz gəzdirdim. Və sonda razılıq verdim. Düzünü desəm, Qasımov mənim cavabıma xeyli təsir göstərdi. Məni "Nə? Harada? Nə zaman?" intellektual oyunları ilə bağlı həm Bakıya, həm də Moskvaya dəvət etdi. Hələ vaxtım olmayıb. Amma yaxın vaxtlarda təklifə məmnuniyyətlə cavab verəcəyəm".
 
Bakıdakı həyatından bəhs edən Musayev bildirib ki, yaşadığı ərazidə çoxlu restoran, mağaza və gəzinti üçün gözəl sahil var:
 
"Bakının düz mərkəzində, yəqin ki, ən yaxşı yaşayış kompleksində yaşayıram. Ailəm hər ay bir həftəlik yanıma gəlir. Onlar burada olanda birlikdə gəzirik. Bakının heyrətamiz bulvarı, İçəri Şəhəri, dəniz mənzərələri və ləzzətli mətbəxi var. Uşaqlar hələ kiçikdir, biri 2 və digəri 3 yaşındadır. Onlara Krasnodarda uşaq bağçası, nənə və baba lazımdır. Yayadək belə olacaq, sonrasına baxarıq. Bakı ilə Krasnodar arasında birbaşa uçuşlar var. Yaxınlarımla görüşməkdə problem yoxdur, uçuş saat yarım çəkir".
 
Musayev pasportunda Azərbaycana girişi qadağan edən hər hansı möhürün olmadığını söyləyib: "Ermənistandan danışırsınızsa, orada heç vaxt olmamışam. Burada qonşularla münasibət mövzusu çox ağrılıdır. Gələndə anladım ki, müharibə nə qədər kədər gətirib. Şəhərin ətrafında müharibədə həlak olmuş hərbçilərin portretləri asılıb. İnsanların üzündə kədər hiss olunur. Mən şəxsən yaxınlarını itirmiş bir neçə ailə tanıyıram. Xoşbəxtlikdən hərbi əməliyyatlar başa çatıb və indi Azərbaycan dinc həyat sürür".
 
özbək köklərinin olduğunu deyən baş məşqçi türk dilində danışmadığını vurğulayıb: "Amma atamın sözlərinə görə, babam azərbaycanlılarla rahat ünsiyyət qururdu. Burada dil problemi yaşamıram. çünki həm komandada, həm də şəhərdə hər kəs rus və ya ingilis dilini başa düşür. "Sabah"da ispan və ingiliscə danışa bilən tərcüməçi var. Tapşırıqlarımı azərbaycanlı futbolçular üçün yerli köməkçilərim tərcümə edir".
 
"Sabah"ın çalışdırıcısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib: "Rusiya Premyer Liqasının maliyyə imkanları Azərbaycan çempionatı ilə müqayisədə xeyli yüksəkdir. Bu üzdən Rusiya klubları heyətlərinə ciddi yığmalardan oyunçular dəvət edə bilirlər. Azərbaycanda isə sərt limit var. Meydana eyni vaxtda ən azı beş yerli oyunçu çıxmalı, biri isə 2000-ci il təvəllüdlü olmalıdır. Rusiyada futbol akademiyalarının işi daha yüksək səviyyədədir. Buradan böyük futbola düşən oyunçular daha hazırlıqlı olurlar. Futbolun ümumi səviyyəsi Rusiyanın xeyrinədir".
 
Rusiyalı baş məşqçi Azərbaycan klubları arasında "Qarabağ"ı xüsusi fərqləndirib: "Avropada diqqət çəkən, ardıcıl 8 mövsüm çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandadan söhbət gedir. Bu kollektiv tezliklə Avropa Konfrans Liqasının pley-offunda Fransanın "Olimpik" (Marsel) komandası ilə oynayacaq. Bir neçə il öncə Avropa Liqasında Tula "Arsenal"ını üstələmiş hazırkı ölkə çempionu "Neftçi"ni də unutmayaq. Təbii ki, Rusiya liqası daha güclüdür. Bununla belə, Azərbaycanın da müsbət və mənfi cəhətləri olan çətin çempionatı var. Premyer Liqada cəmi səkkiz komanda çıxış edir. Dörd dövrə ərzində hamı bir-birinə qalib gələ bilər. Komandalar bir-birini tanıyır. Meydanda döyüş ruhu, sərt mübarizə olsa da, hakimlər çox fit çalmır".
 
Musayevin sözlərinə görə, çempionluğu daha yaxşı yerli futbolçulara sahib olan komanda qazanır: "Limit varsa, yerli oyunçuların səviyyəsi böyük əhəmiyyət kəsb edir. "Qarabağ"dakı yerlilərin demək olar ki, hamısı Azərbaycan millisinin əsasını təşkil edir. Sonuncu dəfə "Sabah"dan iki nəfər yığmaya cəlb olunub. Amma onlardan heç biri meydana çıxmayıb. ümid edirəm ki, futbolçuları milli üçün hazırlaya bilərik. Rusiyada da vəziyyət oxşardır: daha yaxşı rusları olan komanda çempion olur. Düzdür, qiymət heç də həmişə səviyyəni əks etdirmir. Bununla belə, əksər hallarda maliyyə göstəriciləri hələ də informativ xarakter daşıyır".
 
Musayev Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı 3 futbolçunun adını da açıqlayıb. O, "Neftçi"dən Emin Mahmudovu, "Qarabağ"dan Abdullah Zubiri və "Zirə"dən Davit Volkovu bəyəndiyini bildirib. Gənc mütəxəssis "Sabah"ın heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib: "Mənim üçün hamısı yaxşıdır. ümumiyyətlə, limitlə əlaqədar xaricdən Azərbaycan əsilli futbolçuların ölkəyə qaytarılması və onlara idman vətəndaşlığı verilməsi tendensiyası var. Ramil Şeydayevdə olduğu kimi. O, indi "Qarabağ"dadır. Bundan başqa, Tula "Arsenal"ından Ayaz Quliyev və "Ufa"dan Azər Əliyevlə bağlı xeyli söz-söhbət gəzir".
 
ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest