ölkəmizi Konfrans Liqasında təmsil edən "Qarabağ" klubunun pley-off mərhələsində "Marsel" ilə səfər oyunu ətrafında müxtəlif xəbərlər dolaşır. "L Equipe" nəşrinin yazdığına görə, görüşün Fransada deyil, neytral ölkədə keçirilməsi ehtimalı var. Buna səbəb kimi, Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır. Qəzet iddia edir ki, qitə futbol qurumu UEFA bu səbəbdən Fransa hökuməti ilə danışıqlar aparır. Danışıqlarda məqsəd futbolçular üçün istisnanın tətbiq olunmasıdır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, qarşılaşma UEFA-nın qaydalarına əsasən neytral ölkədə baş tutacaq.

Bununla bağlı  "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin iştirakçıları olan klubların nümayəndələri ilə onlayn görüş keçirib.  İclasda oyunların keçirilməsi, vaksinlə bağlı məsələlər müzakirə olunub: "Müzakirələr iki əsas meyar üzrə aparılıb. Bunlardan birincisi ümumiyyətlə, komanda ilə birgə səfər edən şəxsin vaksin olunub-olunmaması və ölkənin qanunlarının necə tələb etməsi ilə bağlıdır. Əgər səfər edən şəxs vaksin olunmayıbsa, bu, həmin klubun, futbolçunun problemidir. Komanda səfər etməlidir, vaksin olunmayan şəxs isə kənarda qalmalıdır".

Əsas meyar kimi götürülən ikinci məsələ komanda ilə birgə səfər edəcək şəxsin vaksin olunması, ümumdünya Səhiyyə Təşkilatının bunu qəbul etməsi, lakin həmin şəxsin səfər etdiyi ölkənin həmin vaksini tanımamasıdır: "İndiki halda, bizə aid olan budu. Burda artıq qəbul edən tərəf məsuliyyət daşıyır. Ya ölkə qanunlarında istisna hal kimi şərait yaradılmalıdı, ya da oyun neytral ölkədə keçirilməlidir. UEFA-nın təklifi budur".

G.Abbaszadə komandada hamının vaksin olunduğunu, bu məsələdə məsuliyyəti "Marsel"in daşıdığını bildirib. Onun sözlərinə görə, Fransa hökuməti israr edir və oyunun neytral ölkədə keçirilmə ehtimalı var: "Hamı vaksin olunub, ancaq çoxunun vaksini Fransa hökuməti tərəfindən tanınmır. "Marsel" məsuliyyəti üzərinə götürüb, məsələni həll etməyə çalışmalıdır. Əldə etdiyimiz məlumata görə, klub bunun istisna hal kimi qəbul edilməsinə çalışır və Fransa hökumətinə müraciət edilib. Yəqin ki, bu həftə ərzində hər hansı qərar verilməyəcək. Fransa hökuməti bu məsələdə israrlı kimi görünür. Ona görə də səfər oyunumuzun neytral meydanda keçirilmə ehtimalı var. Hazırda olan son məlumat budur. Yəqin ki, yekun qərar gələn həftə ərzində bəlli olacaq, bizə də bildiriləcək. Səfər hara olursa-olsun gedib oyunumuzu oynayacağıq. "Marsel"lə danışıqları davam etdiririk. Fransa hökumətinə müraciət ediblər, biz də onlardan cavab gözləyirik".

Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də Bakıda keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest