Bu gün Azərbaycanın daha iki cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən qran-pridə mübarizə aparıb. Matc.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Adil Kərimli 1/8 final mərhələsində İsrail təmsilçisi Stanislav Bançuku məğlub edib.
 
1/4 final mərhələsində xorvatiyalı Marko Kumriçə uduzan cüdoçu təsəlliverici görüşdə braziliyalı Rafael Buzacarinidən güclü olub. Kərimli bürünc medal uğrunda görüşdə ABŞ-dan olan L.A.Smitlə görüşüb. Bu qarşılaşmadan məğlub ayrılan çüdoçumuz 5-ci yerlə kifayətlənib.
 
100-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda konqolu Klemen Musumadiyə qalib gəlsə də, növbəti raundda yaponiyalı Yuta Nakamuraya, təsəlliverici qarşılaşmada isə seneqallı Mbaqnik Ndiayeyə yenilib.
 
Eyni çəkidəki digər təmsilçimiz İmran Yusifov isə koronavirus testi pozitiv çıxdığı üçün turnirdən kənarlaşdırılıb.
 
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (66 kq) gümüş medal qazanıb. Eyni çəkidə çıxış etmiş daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest