Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. öncə "Qarabağ" - "Keşlə", bundan təxminən 2 saat sonra "Neftçi" -  "Sabah" görüşləri baş tutacaq. Sabah isə "Zirə" "Səbail"i, "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.   
 
çempionatla müqayisədə, Avropaya vəsiqəni Azərbaycan kubokunda qazanmaq daha asan olduğundan, klublar bu yarışa daha ciddi yanaşırlar. Kubok oyunlarının çempionatdan əvvəl keçirilməsi isə klublara sərf edən variant deyil. çünki komandalar adətən qış hazırlıq prosesindən qayıdandan sonra çempionatda 1-2 oyun keçirməyə üstünlük verirlər. 
 
Bununla bağlı danışan tanınmış menecer Səbuhi Səfiyarlının fikrincə, komanda məhz rəsmi oyunlarda formaya düşür: "Fasilədən sonra ilk rəsmi matçlar həmişə çətin keçir. Bu səbəbdən klublar toplanışdan sonra əvvəlcə çempionat oyunları keçirmək istəyirlər ki, çatışmayan cəhətləri bu matçlarda aradan qalxsın. Məhz bundan sonra kubok görüşlərinin keçirilməsi arzu olunandır. ölkə kuboku bəzi klublar üçün çox vacibdir. Məsələn, bizdə "Səbail", "Sabah", "Sumqayıt" kimi klublar üçün Premyer Liqada uğur qazanıb, avrokuboklara vəsiqə əldə etmək çox çətin görünür. çünki liderlərlə xal fərqi böyükdür". 
 
Menecerin sözlərinə görə, "Sabah"ın "Neftçi", "Sumqayıt"ın "Qəbələ" ilə görüşləri maraq doğurur. çünki bu oyunlarda aşkar favorit yoxdur: "Qarabağ" – "Keşlə" duelindən danışsaq, Ağdam klubu onsuz da favoritdir. üstəlik, bu komanda çempionatda da böyük fərqlə liderdir. Keçirdiyi bütün oyunlarda rəqiblərdən xeyli üstün olduğunu göstərib. "Keşlə" isə çox çətin bir dövrdən keçir. üstəlik, Felipe Santos da daxil olmaqla, bir neçə vacib futbolçusu bu görüşü buraxacaq. Yəni, güclü rəqiblə oyunda tam heyətlə mübarizə apara bilməyəcəklər. Hansı ki, tam heyətlə də çempionatda inamlı təsir bağışladıqlarını söyləmək olmaz. Belə olan halda, "Keşlə"nin işi çox çətin olacaq. Bütün bunları nəzərə alaraq, "Qarabağ"ı favorit hesab edirəm və fikrimcə, bu komanda elə ilk oyunda böyük hesablı qələbə qazanacaq".
 
"Neftçi" – "Sabah" oyunu bu mərhələnin ən çətin qarşılaşmalarından biridir. Hər iki komanda qış fasiləsində xeyli yenilənib. "Neftçi" çempionluğa oynayan komanda olsa da, liderdən çox geridədir, qızıl medal qazanmaq şansı çox azalıb. "Sabah" da avrokuboklara vəsiqə uğrunda mübarizə aparsa da, Premyer Liqada liderlər qrupunda deyil: "Ona görə də hər iki komanda üçün kuboku qazanmaq çox vacibdir. Bu, "Sabah" üçün avrokuboklara vəsiqə deməkdirsə, "Neftçi" üçün kuboku qazanmaq, hardasa nüfuzunu xilas etmək anlamına gələcək. çempionluq əldən getsə, kuboku qazanmaqla azarkeşlərinin ürəyinə su səpmiş olarlar. Bu baxımdan hər iki komanda üçün çox vacib oyundur. Bu görüşdə hər şey ola bilər. Hansısa proqnoz vermək çox çətindir. "Neftçi"nin heyətində birdən-birə 4-5 yeni futbolçu görə bilərik. Yoxlama oyunlarında pis təsir bağışlamasalar da, rəsmi matçların həyəcanı, vacibliyi başqadır. "Sabah" yeni baş məşqçinin rəhbərliyi altında çempionatda pis təsir bağışlamırdı. Amma daha təzyiqli kubok matçlarında nəyə nail olacaqlarını maraq doğurur".
 
Digər oyunlara gəlincə, Səfiyarlı bildirib ki, "Zirə" "Səbail"lə qarşılaşmada favorit görünür. Onun fikrincə, zirəlilər həm sərgilədiyi oyunla, həm də turnir cədvəlindəki mövqeyi ilə bunu təsdiqləyir: "Bu komanda rəqibinə nisbətən daha hazırlıqlı görünür. üstəlik, komandanın Premyer Liqada ilk "üçlüy"ə düşmək şansı da qalır. Hətta kuboku ilk "üçlük"də yer alan komandalardan birinin qazanması halında, dördüncü yerin sahibinin də avrokuboklara getmək variantı var. "Zirə" bu baxımdan rahatdır. "Səbail" isə Premyer Liqada sonuncu pillədə qərarlaşıb. Bu klubun qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulduğuna əmin deyiləm. Amma səkkiz komandadan dördünün avrokuboklara vəsiqə qazanacağını nəzərə alsaq, bütün klubların 50 faiz şansının olduğunu demək olar. Güman ki, "Səbail" də bu şansdan ikiəlli yapışacaq və "Zirə"yə qarşı nələrsə etməyə çalışacaq. "Zirə"ni bu cütdə favorit görürəm. Bu komanda elə ilk oyunda qələbə qazanmağa çalışacaq. çünki cavab oyunu rəqib meydanında keçiriləcək. Bu üzdən işlərini çətinə salmaq istəməyəcəklər". 
 
"Sumqayıt" – "Qəbələ" matçına gəlincə, Səfiyarlı bu oyunu "Gənclik şəhəri" təmsilçisi üçün daha vacib hesab edir: "çünki hətta dördüncü pillədən 10 xal geridədirlər. Avrokuboklara vəsiqə baxımından yeganə şans kubokda uğur qazanmaqdır. Yəqin yeni baş məşqçinin də əsas məqsədlərindən biri avrokuboklara çıxmaq olacaq. Amma rəqib "Qəbələ"dir. Premyer Liqada hazırda ikinci olan bu komandanın mövsümü ilk "üçlük"də, hətta dördüncü pillədə başa vurması real görünür. Komandanın heyəti çox kasaddır. üstəlik, zədəlilər var. Belə kasad heyətlə həm kubokda, həm də Premyer Liqada mübarizə aparmaq çətin olacaq. Bu baxımdan ola bilər ki, kubokda bəzi futbolçulara istirahət verilsin və onlar çempionat üçün qorunsun. Yəni, bir növ kubok Premyer Liqaya qurban verilə bilər. Bu baxımdan ola bilər ki, "Sumqayıt"ın işi asanlaşsın. Amma "Qəbələ" də kubokda əsas heyətlə oynaya, tam gücünü qoya bilər. çox güman belə də olacaq. çünki çempionat matçları kubok oyunlarından sonraya təsadüf edəcək. "Qəbələ" kuboka çempionata hazırlıq gözü ilə də baxa bilər. Bu komandanın Premyer Liqada mükafatçılar sırasına düşmək baxımından çox yaxşı şansı var. Kubokda "Neftçi", "Sabah", "Qarabağ" kimi güclü rəqiblərlə mübarizə aparacaq. Amma çempionatda əksər rəqiblərini xeyli qabaqlamağa nail olub. Güman ki, gücü çempionata verəcəklər. Bütövlükdə götürsək, bu cütdə də aşkar favorit görmürəm. Bəllidir ki, "Sumqayıt" ancaq qələbəyə oynayacaq, mərhələ adlamağa çalışacaq. "Qəbələ" isə bu mərhələyə bir az ehtiyatla yanaşa bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest