Liderə qarşı oynamaq isə həm çətin, həm də məsuliyyətlidi. İnanıram ki, oyuna yaraşacaq formada çıxış edəcəyik.

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev bu gün "Qarabağ"ın açıq məşqi zamanı jurnalistlərin önünə çıxıb. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü müsahibəyə Topaz Premyer Liqasının XV turunun "Neftçi" ilə derbi oyunu haqda fikirləri ilə başlayıb.

- Komandada ab-hava necədi və Premyer Liqanın XV turunda "Neftçi" ilə keçirəcəyiniz oyundan hansı nəticəni gözləyirsiniz?

- Komanda şəklində hamı oyuna hazırdı. Heyətimizdə elə ciddi bir problem yoxdu. Məncə, son illərin ən yaxşı "Neftçi"sinə qarşı oynayacağıq. Biz futbolçu kimi, daim çempionatda belə matçların sayının artmasını istəmişik. Bu da həm "Neftçi", həm də bizim üçün tarixi oyunlardan biridi. Xüsusən də, təlim-məşq toplanışını yaxşı keçmiş, sürətli komandaya qarşı mübarizə aparacağıq. "Neftçi" hazırda çempionatın turnir cədvəlinə başçılıq edir. Liderə qarşı oynamaq isə həm çətin, həm də məsuliyyətlidi. İnanıram ki, oyuna yaraşacaq formada çıxış edəcəyik.

- Rəqibin hansı xüsusiyyətlərindən ehtiyatlanırsınız?

- Sürətli oyunçuları var. Fikrimcə, bizə ən böyük təhlükə yaradacaq amil budu.

- Düşünmürsünüz ki, Dario Frederikonun "Neftçi"dən gedişi sizə müəyyən qədər üstünlük yaradır?

- Xeyr, belə düşünmürəm. "Neftçi"nin yaxşı transferləri də var. Məncə, "Neftçi" Darionun gedişinə görə problem yaşamayacaq.

- Bu yaxınlarda bir müsahibəniz ciddi söz-söhbətə səbəb oldu. Azarkeş və jurnalistlərin Qara Qarayevi, həmçinin komanda yoldaşlarını tənqid etməyə haqqı varmı?

- Yəqin ki, siz də razılaşarsınız ki, heç kimin heç kimi təhqir etməyə haqqı yoxdu. Ancaq haqlı tənqidlər bizi daim inkişafa aparıb çıxarır və bu, şəxsən mənə faydalıdı. Fikrimcə, həmin müsahibədə anlaşılmazlıq olmuşdu. Anlaşılmazlıq da Kosovo ilə oyunla bağlı idi. Həmin görüşdən sonra bizi təhqir etmələrindən danışmışam. ümumilikdə azarkeşlərin tənqidinə həmişə açıq olmuşuq. Haqlı iradlar işimizi daha da ciddiləşdirir və bizi məsuliyyətli olmağa vadar edir. Bəzən hansısa detalı biz görə bilmirik və bunları azarkeşlərimiz və jurnalistlər bizə çatdırırlar. Görünür, fikrimi ya düzgün çatdırmamışam, ya da anlamayıblar. Bizi tənqid etmək həm jurnalistlərin, həm də azarkeşlərin haqqıdı. Harda çatışmazlıq olacaqsa, orda da mütləq tənqid olur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest