İngiltərənin "Tottenhem" klubu daha üç futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçisi Dele Allini "Everton"a satan London klubu, Tanqi Ndombele, Covani Lo çelso və Brayan Xil ilə də yollarını ayırıb.

İtaliya "Yuventus"undan Deyan Kuluşevski ilə Rodriqo Bentankuru transfer edən londonlular, Ndombele, Lo çelso və Xili icarəyə veriblər.

Brayan Xil karyerasını İspaniyanın "Valensiya" komandasında davam etdirəcək. İspaniyadan olan 20 yaşlı futbolçu "Tottenhem"ə bu mövsümün əvvəlində 25 milyon avroya transfer olunmuşdu. O, bu klubun əsas komandasında bütövlükdə 20 matça çıxıb, cəmi 1 qol ötürməsi ilə yadda qalıb. İspaniya millisinin də üzvü olan futbolçu, "Valensiya"da mövsümün sonuna kimi icarədə oynayacaq. "Sevilya"nın yetirməsi olan futbolçu daha öncə "Leqanes" və "Eybar" kimi komandaların da formasını geyinib.

Covani Lo çelso isə La Liqanın digər təmsilçisi "Vilyarreal"a üz tutub. Argentinalı yarımmüdafiəçi də bu mövsümün sonuna kimi icarəyə verilib. 25 yaşlı futbolçu "Tottenhem"ə 2020-ci ilin yayında 32 milyon avroya "Betis"dən transfer olunmuşdu (16 milyon avroya). Argentina yığmasının üzvü bu komandanın heyətində 84 oyuna çıxıb, 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə "Rosario Sentral" və PSJ-də də forma geyinib. Argentina millisində 37 matça çıxmış yarımmüdafiəçi, 2 qolla yadda qalıb.

Yeri gəlmişkən qeyd edək ki, Lo çelsonun gəlişindən sonra "Vilyarreal" öz vingeri Dani Rabanı da "Hueska" klubuna icarəyə göndərib.

"Tottenhem" Tanqi Ndombeleni də Fransanın "Olimpik" (Lion) klubuna icarəyə göndərib. 25 yaşlı futbolçu da mövsümün sonunadək Liqa 1-də mübarizə aparacaq. Fransalı yarımmüdafiəçi İngiltərə klubuna 2019-cu ilin yayında məhz Lion "Olimpik"indən transfer olunmuşdu. Həmin vaxt 60 milyon avro qarşılığında alınan futbolçu, İngiltərə klubunun tarixinə ən bahalı transfer kimi düşmüşdü. Fransa klubu isə icarə haqqı kimi 1.42 milyon avro ödəyəcək. Mövsümün sonunda klub sabiq oyunçusunu birdəfəlik transfer etmək istəsə, 65 milyon avro ödəməli olacaq. Fransa millisinin üzvü bu mövsüm London klubunun heyətində meydana çıxdığı 16 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə isə o, bu komandada 91 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Lion "Olimpik"i Ndombele ilə yanaşı, Romen Fevri da transfer edib. "Brest"dən transfer olunan 23 yaşlı futbolçu üçün 15 milyon avro ödənilib. Bonuslarla bu məbləğ 17 milyon avroya da yüksələ bilər. Fransalı futbolçu yeni klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Yarımmüdafiəçinin gələcəkdəki növbəti satışından 15 faiz pay "Brest"ə çatacaq. Bu mövsüm 22 oyuna çıxan futbolçu, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest