AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Gəncə, Tovuz, Mingəçevir, Lənkəran və Zaqatalada nümayəndəlikləri olacaq. Matc.az xəbər verir ki, bu barədə AFFA nümayəndəsi Tural Piriyev qurumun Hesabat Konfransında çıxışı zamanı bildirib.
 
O deyib ki, gələcəkdə hansısa istəkləri görsələr, digər regionlarda da nümayəndəlik yaradıla bilər. Hər bir regiondakı nümayəndəlik ilk növbədə həmin şəhərin klubuna yardımı nəzərdə tutur.
 
Tural Piriyev FIFA və UEFA ilə işləməyi də nəzərdə tutduqlarını söyləyib: "İki qrant müsabiqəsi tərəfimizdən udulub və maliyyə vəsaiti köçürülüb".
 
O, klublara fərdi sponsorların cəlb olunmasına da çalışacaqlarını diqqətə çatdırıb: "Xeyriyyə matçları təşkil olunacaq, regionlardan olan diaspor nümayəndələri ilə də danışacağıq. Hər hansı şirkət ianə etmək istəsə, klub Premyer Liqaya vəsiqə qazanmasa, həmin klub üçün qalacaq və digər klubun hesabına köçürülməyəcək".
 
AFFA rəsmisinin sözlərinə görə, başlanğıc üçün hər bir klubun 2 000 000 manat vəsaitə ehtiyacı var: "Hansısa klub üçün 1 000 000 manat vəsait toplaya bilsək, daha 1 000 000 manatı AFFA köçürəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest