Bu gün AFFA-nın Hesabat Konfransından sonra qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasın ardından mətbuat konfransı təşkil olunub.
 
Konfransda iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov gələn mövsüm Premyer Liqa və I Diviziona qəbul olunacaq yeni komandalarla bağlı məlumat verib:
 
- Yenidən 10 komandalı çempionat bərpa olunur. Ora hansı komandaların gələcəyini demək çətindir. çünki lisenziyalaşdırma işlərindən asılıdır. I Divizionda iştirak edən bütün klublarla sıx əməkdaşlıq davam edir. İnanıram ki, 3-4 namizəd olacaq. Onlardan minimum ikisi qəbul ediləcək. Belədə Region Liqasından I Diviziona yeni 2-3 komandanın qoşulmasına çalışacağıq.
 
- Dediniz ki, VAR sistemi üçün çiplərin Azərbaycana gətirilməsində problem var. Belə çıxır ki, iki ay ərzində VAR ölkəmizdə tətbiq edilməyəcək?
- VAR sistemi tək çiplərə bağlı deyil. Pandemiyaya görə məhdudiyyətlər var idi. Artıq sonuncu, 4-cü mərhələdəyik. Bu yaxınlarda çiplərin gətirilməsi gözlənilir. 28 məşq oyunu olmalıdır. FIFA bunu iki ay üçün nəzərdə tutur. Ancaq bunu süni meydançalarda da təşkil etmək olar. 28 oyunu 16-17 gün ərzində keçirə bilərik.
 
- Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında uğursuz çıxış etdi. Orada hansısa dəyişiklik gözlənilirmi?
- Futbol Federasiyasının rəhbərliyi ilə mütəmadi müzakirələrimiz davam edir. Futzalda məhdudiyyətlər var idi. Qapalı idman növüdür. Amma düşünürəm ki, komanda sonda yaxşı nəticə qazandı. Hər halda Avropa çempionatının final mərhələsində iştirak etdi. Hər yaxşı nəticədən sonra daha yaxşısı tələb olunur. Təbii ki, qrupdan çıxsaydıq, daha yaxşı olardı. Yəqin ki, birinci matçda qələbə qazanmaq lazım idi. Komanda güclü İspaniyaya qarşı əzmkarlıq göstərdi. Oyunlardan sonra federasiya rəhbərliyi ilə müzakirə olundu. Liqada, sistemdə, millidə bəzi dəyişikliklər olacaq. Yanaşmalar fərqli olacaq. Maya qədər futzal federasiyası təqdimatlar hazırlayacaq və yeniliklər olacaq.
 
- Struktur baxımdan yeni təyinatlar oldumu?
- İcraiyyə Komitəsinin iclasında təyinat oldu. İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından Azərbaycan millisi Samir Əliyevə həvalə olundu. İslam Oyunları avqustda Konyada təşkil olunacaq. Əsasnaməyə uyğun olaraq, 1998-ci il təvəllüdlü futbolçular iştirak edəcək. Həmçinin 3 təcrübəli oyunçu olacaq. Vaxt məsələsi var. Həm çempionatın növbəti mövsümü, həm də avrokuboklarda iştirak edəcək komandalarımızın avqustda oyunları keçiriləcək. Bu mənada bir az çətinliklər ola bilər.
 
- Sumqayıt şəhər stadionunda işlər dayandırılıb. Bunun səbəbi nədir?
- Klub rəhbərliyi ilə mütəmadi danışırıq. Həmin stadion AFFA-nın balansında deyil. Sifarişçi İcra Hakimiyyətidir. Klub prezidenti Riad Rəfiyevlə mütəmadi danışıram. Yaxşı olardı ki, stadion tezliklə hazır olsun, komanda ev oyunlarını orada keçirsin.
 
- Azərbaycanda 14 yaşadək komanda sayı kifayət qədər çoxdur. Ancaq 14 yaşdan yuxarılarla bağlı bunu demək mümkün deyil. Bu problemin həlli yolunda nə kimi işlər görməyi planlaşdırırsınız?
- UGİM-lərdən çox şey asılıdır. Həftəlik yarış yoxdur, Bölgədə mini-yarışlar, respublika yarışları olur və onunla da bitirdi. Almaniya Futbol İttifaqı ilə əməkdaşlığımız çərçivəsində vaxtilə bura 5 nəfər nümayəndə gəlmişdi. Onlar bölgələri gəzdikdən sonra bizə təqdimat verdilər. Onların təqdimatı ilə bizim proqramımız üst-üstə düşürdü. Hazırda U-9-dan U-19-a qədər bütün yaş qruplarında liqalar var. Təhsil Nazirliyi ilə danışıqlar aparırıq. Bizə məlumat verildi ki, UGİM-lər yarışlarda iştirak edəcək. Təbii ki, bu məsələ sərbəstdir. Pandemiya ilə bağlı məktəblər, avtomatik olaraq UGİM-lər bağlı idi. Onlar pandemiyadan sonra məşqlərə başlaya bilmədilər, bu üzdən bizə qoşula bilmədilər. Ancaq danışıqlara başladıq, yazılı şəkildə təsdiqləndi ki, növbəti mövsüm onların iştirakı bərpa olunacaq. Beynəlxalq təcrübəyə baxsaq, 14 yaşdan sonra hər bir uşaq və valideyn qərar qəbul edir. Həmin uşaq fikrini idmana, yoxsa təhsilə yönəldəcəyini müəyyənləşdirməlidir. 14 yaşdan sonra məşqçilər də onlardan futbolçu çıxıb-çıxmayacağını görürlər. Bu səbəbdən avtomatik olaraq oyunçu və komanda sayı azalır. U-14-dən sonra iştirakçı yeniyetmələrin 30 faizi futbolda qalır. Bu gün İcraiyyə Komitəsinin iclasında bir məsələ qaldırıldı. Qərar alındı ki, U-10 və U-12-də oyunların hesabı nəzərə alınmasın. Nəticələrə baxırıq, 15:0, 23:1, 12:0. Bütün hesablar aşağı-yuxarı belədir. Avropada qadın futbol səviyyəsində də eyni hesabları görürük. 2016-cı ildə AFFA olaraq UEFA-ya müraciət etmişdik ki, bu sistemi dəyişmək lazımdır. çünki belə hesablar qadın futboluna təsir edir. UEFA da qadın futbolunda Millətlər Liqası sistemini tətbiq edəcək. çünki uduzan komandaya bunlar böyük təhqirdir. 24:0 hesablı qələbə qazanan komandada hesab 10:0 olanda da güclülər çıxış edir. çünki məşqçi düşünür ki, gedib rəhbərliyə hesabı göstərəcək. Rəhbərliyə o hesab lazım deyil. Bununla bağlı da danışıqlarımız olub. U-12-yə qədər 63 faiz uşaq heç rəsmi oyuna çıxmayıb. Axı uşaqlar mütəmadi oynamalıdırlar.
 
- Premyer Liqaya qəbul olunacaq komandaların region təmsilçiləri olunacağı ilə bağlı qərar verilib?
- Hər şey müraciətdən asılıdır. I Divizionda 1-2-ci yeri tutmaq da önəmlidir. Amma lisenziyalaşdırma qaydalarına uyğun iş təşkil çox vacibdir. Əvvəlki illərin təcrübəsi göstərdi ki, bölgə komandaları lisenziyalaşdırma qaydalarının tətbiqinə daha çox təşəbbüs göstərirlər.
 
- "Qarabağ" fevralın 17-də Fransada Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə qarşılaşacaq. Hər hansı mümkün erməni təxribatının qarşısının alınması üçün klubdan sizə hansısa müraciət olubmu?
- İstər milli, istərsə də klub şəkildə beynəlxalq oyunların təşkilinə dəstək göstəririk. Marsel şəhəri fərqlidir. Bununla bağlı UEFA-ya birbaşa müraciət etmişik. Bu həftəsonu onlarla video-formatda iclasımız olacaq. Qurumun baş katibinə, vitse-prezidentinə məktub göndərmişik. Onunla gələn həftə müzakirə aparacağam. Bizim üçün "Qarabağ"ın rahat gedib futbol oynaması önəmlidir. Bizə qarşı hər zaman hansısa təxribat etməyə çalışırlar. Burada da çox güman ki, xüsusi təhlükəsizlik nümayəndəsi təyin olunacaq. Yəqin ki, UEFA-nın əlavə nümayəndəsi olacaq. Əlavə olaraq Fransa səfirinə də məktub göndərmişik, onlar da dövlət səviyyəsində məsələni gündəmə gətirəcək. Xaricdəki nümayəndələrimiz heç vaxt heç kimə qarşı təxribat etməyib. Digər tərəf də belə yanaşmalıdır. UEFA da bunun qarşısını almağa çalışır. "Qarabağ"ın son oyununda da bunun qarşısını aldılar.
 
- Oyunlar zamanı əvəzetmələrin sayının 5-ə yüksəldilməsi və legioner limiti məsələsinə necə baxırsınız?
- Bu sual PFL-in prezidenti Ramin Musayevə verilsə, daha yaxşı olar. Mövsümün əvvəlində bu məsələ müzakirə olunub. Biz də maraqlanmışdıq. Məsələ burasındadır ki, PFL-ə vaxtında müraciət edilməmişdi. çempionatın startından sonra müraciət edilmişdi. Klublarımız indidən müraciət göndərsələr, PFL də növbəti mövsümlə bağlı hazırlıq görər. O ki qaldı legioner limitinə, ideal formulanı tapmaq həmişə çətin olur. AFFA İcraiyyə Komitəsinin iclasında da hər dəfə bu barədə danışılır. 10 komanda olsa, bəlkə indidən müzakirə etmək və düşünmək lazımdır. 8 komanda ilə legioner limitini dəyişmək düzgün olmaz. Mən fikrimi mütəxəssislərin rəyinə əsasən deyirəm. Avropada iştirak edən klubları nəzərdə tutmuram. Premyer Liqa təmsilçiləri dərhal əcnəbi oyunçuların sayını artıracaqlar. Yaxşı nəticə üçün daha çox əcnəbi gətirəcəklər. Belədə Azərbaycan futbolçusu ziyan görəcək. Bu da milli komandaya mənfi təsir edəcək. Hazırda 9-10-cu komanda yoxdur ki, şans tapmayan oyunçular ora keçsin. Növbəti İcraiyyə Komitəsinin iclasında bu məsələ müzakirə olunacaq. Buna iqtisadi və elm tərəfdən yanaşmaq lazımdır. Qərbi Avropa ölkələrini nümunə göstərmək mümkün deyil. Məsələn, Fransa vətəndaşı Almaniyaya gedəndə orada əcnəbi sayılmır. Avropa futbolunu da bölmək lazımdır. Şərqi və Qərbi Avropa. Bizim futbolçumuz Avropa İttifaqında əcnəbi sayılır. Amma xorvatiyalı və ya serbiyalı oyunçu Almaniyada əcnəbi sayılmır. Azərbaycanlı bu gün Polşada əcnəbi oyunçu kimi çıxış edir. Belədə rəqabət aparmaq çətindir.
 
- "Səbail" stadionunun örtüyünün dəyişdirilməsi gündəmdədirmi?
- Bununla bağlı tender elan olunub. Növbəti mövsümə qədər orada meydança dəyişəcək. Yeni süni örtük quraşdırılacaq. Baş məşqçilərin və futbolçuların iradlarını qəbul edirəm. Bu meydança çox yüklənir. Orada gənc, uşaq komandaları da çıxış edir. Hazırda fiziki olaraq buna imkanımız yoxdur. çünki "Səbail" orada ev oyunlarını keçirir. "Səbail" ayrı meydança tapsa, işləri yayda deyil, apreldə başlayarıq və gələn mövsümə çatdırarıq. Apreldə başlasaq, meydançanın hazır vəziyyətə gəlməsi üçün minimum 67 gün tələb olunur.
 
- 10 komandalı çempionatda format necə olacaq?
- Ramin müəllimlə bu məsələni şifahi danışmışıq. çox güman ki, 4 dövrəli sistem olacaq. Onun istəyi də budur.
 
- Bir müddət əvvəl Türkiyə ilə Azərbaycan arasında danışıqlar getdi ki, bu ölkələrin oyunçuları əcnəbi sayılmasın. Bu məsələ nə yerdə qaldı?
- Bu məsələ davamlı olaraq müzakirə olunur. Dövlətlər arasında müvafiq sazişlər imzalanır. Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilirik. Futbolçumuzun orada əcnəbi hesab olunmaması üçün çalışmalar davam edir. Söhbət təkcə futbolçudan getmir. Əmək müqaviləsi statusu və digər məsuliyyətlər də var. Yəni hüquqi baza da dəyişməlidir. Biz futbolçumuzun Türkiyədə, onların oyunçusunun isə bizdə yerli statusda oynamasına sevinərik.
 
- Mahir Emrelinin "Legiya"da üzləşdiyi situasiyanı necə qiymətləndirirsiz və onun probleminin həlli və yeni klub tapması yolunda hansı işlər görməyi planlaşdırırsız?
- Mahirlə iki həftə əvvəl söhbət elədim. Detallı olaraq mənə izah elədi. AFFA tərəfindən təklif elədim ki, hüquqşünaslarımız da ona dəstək versin. İlk növbədə azərbaycanlı futbolçudur və milli komandanın üzvüdür. Hər zaman onun yanındayıq. Hər şey nəzarətdədir. Dünən onunla bir daha əlaqə saxlanıldı, nə köməklik lazım olduğu soruşuldu. Amma ilk növbədə klubu ilə problemi həll etməlidir. Xahiş elədik ki, prosesi tezləşdirsin. İstəmirik ki, oyun praktikasından əziyyət çəksin.
 
- Klublarımızda qadın komandalarının yaradılması tələbi var. Bəzi klubların bundan imtina etdiyi barədə məlumatlar yayılır...
- Bir neçə ildir qadın çempionatını təşkil edirik. Bilirdik ki, UEFA tərəfindən qadın komandalarının olması tələb olunacaq. Klubların bütün meyarlara uyğun cavab verməsi üçün biz də öncədən tədbirlərimizi görmüşük. Əminə Heydərova 2012-ci ildə dünya çempionatında komandamızı kapitan kimi meydana çıxarmışdı. Sonra isə AFFA-da çalışmağa başladı. O, qadın futbol komandalarının rəhbəri təyin olundu. Əminəni də təbrik edirəm. O, komandamızın kapitanı idi. 10 il keçdikdən sonra isə AFFA-da rəhbərlik səviyyəsində iş başındadır. Klublarımız üçün hər şeyi hazırlamışıq. UEFA sistemi tətbiq edən kimi, klublar qurumun meyarlarına cavab verəcək. Bu tələb qaçılmazdır. çünki bu, Avropa və dünyanın tələbidir. Yaxşı ki, bunu 10 il əvvəl gördük və bu idman növünü yavaş-yavaş inkişaf etdirdik. İstər qadın, istər kişi olsun, futbolu hər kəs özü seçir. Hər kəs müəyyən yaşdan sonra hansısa peşə sahibi olmaq istəyir. Amma futbolçu 6-7 yaşdan bu sahəni seçir. Yeri gəlmişkən, qadınlardan ibarət komandaların oyunçuları da böyük hesabla uduzduqları zaman da mətbuatdan razılıq bildirirlər. Deyirlər ki, bizi heç kim tənqid eləmir. Onların əksəriyyəti ailə həyatı qurublar və həyat yoldaşları da futbolçulardır.
 
- Vəkil Aslan İsmayılovla bağlı məhkəmədə qalib gəlmişdiniz. Buna izah verə bilərsiniz?
- Həmin şəxs sosial şəbəkədə əsassız AFFA rəhbərliyini, işçilərini ittiham etmişdi. Sübutsuz, əsas olmadan belə açıqlamalar qeyri-peşəkarlıq deməkdir. Biz də susa bilmərik. Tanınmış insandır, televiziyalara çıxır, tez-tez açıqlama verir. Bu üzdən belə ittihamlar biz tərəfdən qəbul olunmur. AFFA əməkdaşlarının əksəriyyəti fərdi olaraq onu məhkəməyə vermək istəyirdi. Hamı onu məhkəməyə vermək istəyirdi. Dedik ki, lazım deyil, qurum olaraq iddia qaldırdıq və məhkəməni udduq. Əsassız kimsə kimisə ittiham edirsə, cavab verməlidir. Məhkəmə işi də təxminən 3 ay sürdü. Mən düşünürdüm ki, niyə belə uzun çəkdi? Məhkəmə yəqin ki, sübutları, əsasları gözləyirdi. Sonda düzgün, ədalətli qərar qəbul etdi.
 
- "Neftçi"yə transfer olunan Azər Əliyevi millinin potensial üzvü saymaq olar?
- Azər Əliyev dünən kubok oyununda meydana çıxdı. Amma o, əcnəbi futbolçudur. "Neftçi" şifahi olaraq bizə müraciət edib. Amma futbolçu tərəfindən müraciət olmayıb. Futbolçu ərizə yazmalı, onu qəbul etməliyik və Rusiya Futbol İttifaqına göndərməliyik. Onlardan da məktub gəlməlidir ki, bu oyunçu Rusiya yığmasında oynamayıb. Daha sonra FIFA və UEFA-ya müraciət etməliyik. Yalnız bundan sonra oyunçu milliyə cəlb edilə bilər. Dünənki görüşdə də əcnəbi oyunçu kimi meydana çıxmışdı.
 
- Vaxtilə sizin təşəbbüsünüzlə AFFA yanında Media Komitəsi yaradıldı, ardından fəaliyyətini dayandırdı. AFFA-nın media ilə bağlı xüsusi layihəsi varmı?
- Media Komitəsi maraqlı təcrübə idi. Orada biz də, siz də səhvlər buraxdıq. İki il fəaliyyət göstərdi. Sonra idman nazirliyi təşəbbüsü üzərinə götürdü. İdman nazirliyi olan yerdə bunu etməyimiz qeyri-etik olar. Sonda bildirim ki, gözəl planımız var. Düşünürük ki, pandemiyanın son anlarını yaşayırıq. Amma planımızı indi açıqlamaq istəmirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest