çempionluq uğrunda mücadilədə "Qarabağ"la "Neftçi"yə qoşulacaq üçüncü klub görünmür. Bürünc medal uğrunda əsas favorit isə turnir cədvəlindəki hazırkı mövqeyindən asılı olmayaraq "Qəbələ"di. Bəs avrokuboklara sonuncu, dördüncü vəsiqə üçün hansı klublar mübarizə aparacaq? 
 
Bəri başdan deyək ki, "Sabah" məlum səbəbdən bu mübarizəyə qoşula bilmir. Qış fasiləsindən sonra ilk oyun "Zirə" və "Sabah" arasındadı. Hazırda komandalar arasında 7 xal fərqi var. 
 
"Zirə" çempionatın ən yaxşı oyun sərgiləyən kollektivlərindəndi. Düzdü, hazırda layiq olduğu pillədə deyil. Qış fasiləsindən səmərəli istifadə edən klublarımızdan bəlkə də birincisi elə "Zirə"di. Artıq öz ölkələrinin milli komandalarında oynayan 4 legionerlə müqavilə imzalanıb.  Məlumdu ki, "Zirə" transferlərə çox diqqətlə yanaşan klublarımızdandı. Bunun nəticəsində kiçik büdcəylə maksimum nəticə göstərməyi bacarırlar. Odu ki, yeni legionerlərin, həmçinin Bəxtiyar Həsənəlizadə və Orxan Sadıqlının komandanın gücünə güc qatacağı şübhəsizdi. Samir Abasov faktorunu da unutmaq olmaz. Bütün deyilənləri digər klubların mövsümün ilk yarısındakı oyununu, futbolçu potensialını, qış fasiləsindəki fəallıqlarını nəzərə alaraq əminliklə deyə bilərik ki, turnir cədvəlindəki hazırki durumuna baxmayaraq avrokuboklara dördüncü real namizəd "Zirə"dir. 
 
"Sabah" qeyd etdiyimiz kimi, bu mövsüm demək olar ki, müsabiqədənkənar çıxış edir. Ona görə də, bu komanda haqda hansısa ciddi fikir yürütmək tezdi.
 
Aftandil Hacıyev demişkən, Allahın hədiyyəsi olan 6 xalın sayəsində hazırda üçüncü pillədə qərarlaşan "Səbail"in perspektivləri isə kifayət qədər dumanlı görünür.  Karyerasında "Zenit", "Şalke", "Amkar" və Portuqaliya "Akademika"sı kimi tanınmış klublar olan, 17 yaşlılardan ibarət Rusiya milli komandasının tərkibində Avropa çempionluğu qazanan 22 yaşlı bir hücumçunu Antalyaya müqavilə adı ilə dəvət edib, daha sonra "gəl baxışdan keç" deyən Hacıyev bu dəfə Allahın hədiyyəsindən imtina etdi. çünki, bu gənc forvard həm "Səbail"ə, həm də futbolumuza çox fayda verə bilərdi. Siz Aleksey Qasilin adını yadınızda saxlayın...
 
Əvəzində Hacıyevin "Rəvan"dan yadında saxladığı, İsveçin aşağı liqa klublarında var gəl edən və heç vaxt məhsuldarlığı ilə seçilməyən 28 yaşlı nigeriyalı Oke Akpoveta "Səbail"in gümdəmindədi. Tanınmış ukraynalı qapıçı Oleksandr Rıbka və Elvin Yunuszadəni isə uğurlu transferlər saymaq olar. Lakin, mediaya açıqlama verən Hacıyev Emil Balayevin Qazaxıstana gedişinin bütün planları alt-üst etdiyini deyib. Aftandil bəy adını çəkmək istəmədiyi iki legioneri göndərmək istədiklərini və bu haqda futbolçuların özlərinə təklif irəli sürdüklərini, amma onların müqavilələri bitənəcən "Səbail"də qalmağı üstün tutduqlarını deyib. Təbii ki, bu cür vəziyyət komandadaxili ab-havaya heç də yaxşı təsir edə bilməz və getmək təklif olunan legionerlər bundan sonra çətin ki, oyunlara konsentrasiya ola bilsin...
 
Mövsümün ikinci yarısının əsas sürprizi "Sumqayıt"dan gözlənilir. ötən çempionatın ən yaxşı qapıçılarından biri, "Neftçi"nin bürünc medal qazanmasında müstəsna paya sahib Rəşad Əzizlini, müdafiədəki keyfiyyətləri ilə yanaşı hücumlarda da məhsuldarlığı ilə seçilən Adil Nağıyevi, hələlik bizim üçün tapmaca olan təbrizli futbolçuları transfer edən "Gənclik şəhəri"nin təmsilçisi Ayxan Abbasovun gəlişi ilə yüksəliş dövrü yaşayır. Komanda bu gün daha bir yüksəksəviyyəli oyunçu ilə güclənib. Təl-Əviv "Hapoel"indən gələn Əmir Ağayev çox güman Riad Rəfiyevin klubunun qış fasiləsində son transferi olacaq. Karyerası ərzində "Beytar", "Bney Yequda",  "Omoniya" kimi tanınmış klublarda, İsrailin U-21 və U-19 millisində çıxış etmiş azərbaycanəsilli futbolçu avrokuboklarda da kifayət qədər təcrübəyə malikdi. Bəlkə də, elə onun qolları axır ki, "Sumqayıt"ı Avropaya daşıyacaq və klubun sadiq azarkeşlərinə Kamran Quliyevin "sayəsində" ötən mövsüm yaşanan haqsızlığı unutduracaq. 
 
Nəhayət, heyətində ciddi islahatlar aparan "Keşlə" çempionatın ən çətin proqnozlaşdırılan komandasıdı. "Zaur Axundovun xarizması və Tərlan Əhmədovun məşqçilik potensialı nəyə bəs edəcək?" sualının cavabını çox ehtimal fasilədən sonra ilk turlarda biləcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest