Türkiyənin "Fənərbaxça" klubu bu mövsümün əvvəlində "Uotford"a icarəyə verdiyi Ozan Tufanı geri qaytarıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, klublar arasındakı razılığa əsasən, 26 yaşlı futbolçu bu mövsümün qalan hissəsini "Fənərbaxça"da davam etdirəcək.
 
Xatırladaq ki, "Uotford" Ozan Tufanı bir mövsümlük icarəyə götürmüşdü. Müqaviləyə görə, sözügedən klub Premyer Liqadakı yerini qorusa, Ozanı birdəfəlik transfer etməlidir. Klub elitanı tərk edəcəyi halda isə yarımmüdafiəçi "Fənərbaxça"ya qayıdacaq.
 
Ozan bu mövsümün geridə qalan hissəsində İngiltərə təmsilçisinin heyətində 9 oyuna çıxıb. "Uotford" isə cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 20 oyunda cəmi 14 xal toplayıb və 20 iştirakçı arasında 19-cu sırada qərarlaşıb.
 
Ozan Tufan "Bursaspor"un yetirməsidir. O, 2015-ci ildən "Fənərbaxça"da çıxış edir. İstanbul təmsilçisində 174 oyun keçirib, 21 qol vurmuş futbolçu, Türkiyə millisinin də üzvüdür. Sağ cinahda oynayan futbolçu, "Uotford"dan öncə "Alanyaspor"da da icarədə çıxış edib.
 
Yeri gəlmişkən, son olaraq "Fənərbaxça"nın uğurları üçün çalışmış argentinalı yarımmüdafiəçi Dieqo Perottinin də yeni komandası müəyyənləşib. 33 yaşlı futbolçu İtaliyanın "Salernitana" klubu ilə anlaşıb. Tərəflər arasındakı anlaşma bu mövsümün sonuna kimi nəzərdə tutulub. Bu mövsümün əvvəlindən klubsuz olan təcrübəli oyunçunun yeni komandasında 88 nömrəli formanı geyinəcəyi bildirilib.
 
"Fənərbaxça"ya 2020/21 mövsümündə "Roma"dan transfer olunan Perotti, zədə səbəbindən bu komandada çox forma şansı qazana bilməmişdi. Bu üzdən də müqavilə müddətinin bitməsini gözləmədən, ayrılmağa qərar vermişdilər. Həmin vaxtdan bəri Perotti futbol oynamırdı.
 
"Salernitana" Perotti ilə yanaşı, "Cenoa" ilə yollarını ayıran və azad agent statusu alan İvan Radovanoviçi də heyətinə qatıb. 33 yaşlı serbiyalı yarımmüdafiəçi ilyarımlıq müqaviləyə imza atıb. Radovanoviç 2019-cu ilin qışından "Cenoa"da çıxış edirdi. "Atalanta" və "Bolonya"da da oynamış futbolçu, A Seriyasında bütövlükdə 313 matça çıxıb, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest