Azərbaycan kubokunda 1/4  final mərhələsinin ilk görüşləri başa çatdı. İlk oyun günündə "Qarabağ" "Keşlə"yə qalib gəldisə (1:0), "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - 1:1.  Ertəsi gün baş tutan digər qarşılaşmalara gəlincə, "Zirə" öz meydanında "Səbail"i 4:0 hesabı ilə darmadağın etdi, "Qəbələ" isə səfərdə "Sumqayıt" üzərində qələbə qazandı  - 1:0.

Bu nəticələrdən sonra "Zirə" böyük ölçüdə yarımfinala vəsiqəni təmin etdi. çünki fevralın 13-də baş tutacaq cavab oyununda Zirə təmsilçisinin böyük hesabla uduzacağı inandırıcı deyil. Elə "Qarabağ"ın da "Keşlə" ilə cavab oyununda büdrəyəcəyi real görünmür. Amma millimizin sabiq futbolçusu Vaqif Cavadovun fikrincə, bu cütlükdə indidən hansı komandanın mərhələ adlayacağını söyləmək olmaz.  O, bildirib ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi böyük üstünlük deyil: "Bu komandalar pis mübarizə aparmadılar. "Keşlə"nin də bir neçə şansı oldu. Xüsusilə, ilk yarıda pis oynamadılar. "Qarabağ"ın tam optimal formada olmadığı diqqət çəkir. Amma buna baxmayaraq, qol imkanları az olmadı. Nəticəyə baxsaq, "Qarabağ"ın 1:0 hesablı qələbəsi böyük üstünlük deyil. Yəni, "Keşlə"nin hələ mərhələ adlamaq şansı qalır. Bu komandanın kubokda daha istəkli, motivasiyalı olduğunu bilirik. Bir sözlə, cavab matçında hər şey ola bilər. Baxımlı qarşılaşma olacağına ümidvaram".

Azarkeşlərin  "Neftçi" ilə "Sabah"ın ifasında gözəl oyun izlədiyini deyən V.Cavadovun sözlərinə görə, hər iki komanda iddiasını ortaya qoymağa başlayıb: "Sabah"ı xüsusi qeyd edərdim. Bu komanda mövsümə çox pis başlamasına baxmayaraq, artıq fərqli oyun nümayiş etdirir.  "Neftçi" də güclü komandadır. Heyətinə yeni futbolçular cəlb edib. Amma onların hələ tam hazır olmadığı görünür. İstənilən halda, bu komanda son çempiondur. özlərini toparlayacağına, çempionluq yolunda "Qarabağ"a ciddi rəqib olacaqlarına inanıram. "Zirə"nin "Səbail"lə oyununa gəlincə, meydan sahibləri rəqibini iki baş üstələdi. Zirəlilər kollektiv oyun sərgiləyirlər. Hamı fərqlənmək istəsə də, heç kim paxıllıq etmir, komanda oyununa üstünlük verir. Bunun da bəhrəsini gördülər".

"Sumqayıt" – "Qəbələ" duelinə gəlincə, V.Cavadovun fikrincə, "Gənclik şəhəri"  təmsilçisi "Qəbələ"yə qarşı dördlü müdafiə ilə oynasa da, komanda hələ buna tam hazır deyil: "çünki bu futbolçular son 3-4 il ərzində beşli müdafiə ilə oynamağa alışmışdılar. İndi birdən-birə sistemin dəyişdirilməsi, oyunçuların buna tam alışması vaxt aparacaq. "Qəbələ" ilə oyun da bunu göstərdi. Komandaya vaxt lazımdır. "Qəbələ" isə qış fasiləsindən sonra da inamlı oyununu sərgiləməyə davam edir. Bu da çox önəmlidir. Baş məşqçi Elmar Baxşıyevin, köməkçilərinin işi göz qabağındadır. "Sumqayıt"ı da yaxşı təhlil etmişdilər. Bunun nəticəsi idi ki, meydan sahibləri hücuma çıxmaqda çətinliklə üzləşirdi. 1:0 ədalətli nəticə oldu. Bütövlükdə götürsək, "Zirə" ilə "Səbail"in oyununu çıxmaq şərtilə, qalan bütün cütlərin cavab görüşləri maraqlı keçəcək. İnşallah, güclü olan qalib gələr".

Qeyd edək ki, "Keşlə" – "Qarabağ" oyunu fevralın 11-də keçiriləcək.  "Sabah" – "Neftçi" matçı fevralın 12-də, "Səbail" – "Zirə", "Qəbələ" – Sumqayıt" görüşləri isə ertəsi gün baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest