"Bu mövsüm "Kocaelispor"la görüşdə penalti qazandıq, onu da mən yerinə yetirdim. Meydanda olduğum matçlarda başqa belə vəziyyət yaranmadı. Şans düşərsə, dəyərləndirmək istəyərəm"

Azərbaycan millisinin və "Bursaspor" klubunun hücumçusu Namik Ələskərov lifebursa.com saytının suallarını cavablandırıb. Matc.az xəbər verir ki, 27 yaşlı forvard həm mövsümün geridə qalan hissəsini dəyərləndirib, həm də gələcək hədəflərindən danışıb.

- Təlim-məşq toplanışı necə keçir?
- Toplanış yaxşı keçir, hazırlaşırıq. Artıq toplanışın son günləridir. Həm fiziki, həm də taktiki cəhətdən çalışdıq. Qarşıdakı matçlarda bunun faydasını görəcəyik.

- "Neftçi"nin heyətində çempionlar Liqasında iştirak etdiniz, qol vurdunuz və "Bursaspor"a keçdiniz. "Bursaspor"da mövsümün əvvəlində çempionluq hədəflənsə də, hazırkı durum göz önündədir. Bu, sizin üzərinizdə təzyiq yaratmır?
- Əlbəttə ki, bura tam başqa məqsədlə, çempionluq hədəfi ilə gəlmişdim. Hazırda "Bursaspor"da vəziyyət pisdir, arzuladığımız yerdə deyilik. Mənim üçün bir az çətin oldu. Amma "Bursaspor"un nə qədər böyük klub olduğunu bilirəm. Bu durumdan çıxacağımıza inanırıq.

- Həm penalti, həm də cərimə zərbələrində təhlükəli futbolçusunuz. Komandada bu funksiyanı yerinə yetirmək istəmirsiniz?
- Əslində istəyirəm. Bu mövsüm "Kocaelispor"la görüşdə penalti qazandıq, onu da mən yerinə yetirdim. Meydanda olduğum matçlarda başqa belə vəziyyət yaranmadı. Şans düşərsə, dəyərləndirmək istəyərəm.

- Hansı mövqedə özünüzü daha yaxşı hiss edirsiniz?
- Daha çox sağ vinger kimi çıxış edirəm. Amma ötən mövsüm "Neftçi"də mərkəz hücumçusu mövqeyində oynayırdım. Seçim etmək çətindir. Amma hücumun mərkəzində özümü daha rahat hiss edirəm.

- "Bursaspor" rəhbərliyində dəyişikliklər olacaq. Bunun komandaya hansısa təsiri oldumu?
- Komanda daxilində də danışdıq. Bu məsələlərə önəm vermək istəmirik. Bütün diqqətimizi oyunlara yönəltmişik. Bizim işimiz meydandadır.

- çətin vəziyyətdə baş məşqçi Tamer Tunanın komandanın sükanı arxasında qalmasının nə kimi faydası oldu?
- Onun rəhbərliyi altında yaxşı toplanış keçiririk. Baş məşqçinin bizimlə bir olduğunu, daim dəstəklədiyini hiss edirik.

- Azərbaycan millisindəki komanda yoldaşlarınızla "Bursaspor"la bağlı heç danışırsınız?
- Hərdən danışırıq. Azərbaycanda hamı "Bursaspor"un böyük klub olduğunu bilir. Sadəcə, bu mövsüm hər şey pis oldu. İnşallah, tezliklə düzələr.

- "Bursaspor" Super Liqaya vəsiqə qazanmasa belə, gələn mövsümü də burada keçirmək istəyirsiniz?
- Əlbəttə. Daha uzun illər "Bursaspor"un formasını geyinmək istəyirəm. Burada xoşbəxtəm. İnanırıq ki, bütün problemlərimiz həll olar, gələn mövsüm daha iddialı olarıq. Mən də "Bursaspor"un formasını geyinməkdə davam edərəm.

- Azarkeşlərdən biri yazıb ki, Namik ilk dəfə ölkəsindən kənarda çıxış edir, uyğunlaşma problemi ola bilər. "Neftçi"də cinahdan mərkəzə meyillənib zərbə vurardısa, burada özünü cinahda saxlayır. Oyun üslubunuzu dəyişməyinizin səbəbi nədir?
- Komandada baş məşqçi dəyişiklikləri çox oldu. Hər məşqçinin də istəyi fərqli olur. Həm də ötən mövsüm "Neftçi"də ikili hücumda çıxış edirdim. Bu səbəbdən qola daha yaxın idim. Burada əsasən cinahda yer alıram.

- "Bursaspor"da həm fərdi, həm də komanda olaraq hədəfiniz nədir?
- Fərdi olaraq komandaya daha çox fayda vermək, qollar vurmaq, assistlər etmək istəyirəm. Komanda olaraq isə hər kəsin bir hədəfi var: aşağı pillələrdən qurtulmaq, mümkün qədər irəliləmək.

- "Bursaspor"a gələrkən nəyi xəyal edirdiniz, nə ilə qarşılaşdınız?
- "Bursaspor"a gələndə Super Liqaya vəsiqəni xəyal edirdim. Bu mövsüm olmadı. İndiki durum belə deməyə əsas verir. Amma ardıcıl qələbə seriyası yaxalasaq, bu mövsüm də ümidimiz qalar. Bu mövsüm olmasa belə, gələn mövsümlə bağlı hədəfim "Bursaspor"la Super Liqaya çıxmaqdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest