Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Rizəspor"dan ayrılan fransalı hücumçu Loik Remini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
 
Loik Remi 2020-ci ilin avqustundan "Rizəspor"da çıxış edirdi. O, geridə qalan müddət ərzində Super Liqa təmsilçisində bütövlükdə 28 oyuna çıxıb. 35 yaşlı forvard bu görüşlərdə 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm isə o, 9 rəsmi matçda forma geyinib.
 
Fransalı futbolçu daha öncə "Olimpik" (Lion), "Lans", "Nitsa", "Olimpik" (Marsel), KPR, "Nyukasl", "çelsi", "Kristal Pelas", "Las Palmas", "Xetafe" və "Lill" klublarının da formasını geyinib. Təcrübəli forvard Fransa yığmasında meydana çıxdığı 27 oyunda 7 qol vurub.
 
"Adana Dəmirspor" "Rizəspor"un yarımmüdafiəçisi Damyan Djokoviçi də sıralarına cəlb edib. Xorvatiyalı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. O, 2021-ci ilin yanvarından Rizə klubunun uğurları üçün çalışırdı. 31 yaşlı futbolçu karyerası ərzində "Spartak" (Trnava), "Qoritsa", "Monza", "çezena", "Bolonya", çFR (Kluj), "Livorno", "Ayaçço", "Qroyter", "Spetsiya" və "Riyeka"da da forma geyinib.
 
"Rizəspor" da heyətinə yeni futbolçu qatıb. Super Liqa təmsilçisi ötən mövsüm "Fənərbaxça"da çıxış etmiş Papiss Sisseni transfer edib. 36 yaşlı futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb.
 
Papiss Sisse 2018-2020-ci illər aralığında "Alanyaspor"da forma geyinib. Seneqal yığmasının sabiq hücumçusu ötən mövsümü "Fənərbaxça"da keçirib. O, İstanbul təmsilçisində 28 oyuna 5 qol vurub. ötən yayda bu komandadan ayrılandan bəri klubsuz olan Sisse, "Nyukasl", "Frayburq", "Şarlerua" və "Mets"də də forma geyinib. Seneqal yığmasında 36 oyun keçirmiş təcrübəli futbolçu, 17 qola imza atıb.
 
"Rizəspor" bu qış Jedson Fernandes, Yusuf Sarı, Eren Albayrak, Kubilay Kanatsızkuş və Karlos Ponku da heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest