"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri cavab oyununu (6:0, ilk oyun 1:0) şərh edib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri cavab oyununu (6:0, ilk oyun 1:0) şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra bunları söyləyib:
 
"öz komandam üçün yaxşı oyun oldu. Heyətdə xeyli rotasiya etmişdik. Bəzi futbolçular çox istəkli idilər. Bunun faydası çox oldu. Hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik. Komandamı təbrik edirəm. Rəqibdə yorğunluq hiss olunurdu. Bəlkə də buna görə bizim üçün asan oldu. Halbuki "Keşlə"yə qarşı matçlarımız hər zaman ağır keçib.
 
Ramil Şeydayevin sağ cinaha çəkilməsi gedişatdan asılı oldu. Hesab da buna imkan verirdi. Bəzi futbolçularımıza görə narahat idik. Buna görə dəyişikliklərə əl atdıq. Heç də pis alınmırdı. Ramili müdafiəyə çəksək də, arxada görmürdüm, ancaq hücumda idi".
 
Qurbanov Fransada Marsel "Olimpik"inə qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə də danışıb: 
 
"Bu komandanın üstün cəhətlərini bir-bir sadalasam, kənardan elə görünər ki, sanki onlardan çəkinirik. Komandam üçün ən çətin rəqiblərdən biridir. çünki topa sahib olmağı çox xoşlayırlar. Fərdi olaraq da çox yaxşı futbolçuları var. Matçın gedişində həddindən artıq çox rotasiyalar, sistem dəyişiklikləri edirlər. Bu, hardasa bizi narahat edə bilər. Həqiqətən yaxşı komandaya qarşı oynayacağıq. Layiqli mübarizə aparmaq istəyirik".
 
Qurbanov səfər matçında uğurlu nəticənin qazanılmasının mümkün olduğunu vurğulayıb: "Bu gün istənilən komanda yaxşı oyun göstərib nəticə əldə edə bilər. Amma reallığa baxsaq, rəqib hərtərfəli bizdən yuxarıdadır. Marselə yaxşı mübarizə və nəticə üçün gedirik. Hər iki matçda ən yaxşısını etməyə çalışacağıq".
 
Təcrübəli mütəxəssis mümkün təxribat məsələsinə də toxunub: "Bəlkə də bu şəhərdə təxribatın baş verməsi daha çox gözləniləndir. Amma inanmıram ki, müvafiq qurumlar buna şərait yaratsınlar. Düzdür, onlardan hər şey gözləmək olar. Dəfələrlə belə hallarla rastlaşmışıq. Lakin narahat olmaq üçün əsas yoxdur. Klub rəhbərliyi lazımi danışıqları aparır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest