Qətər millisinin Asiya kubokundakı çempionluqla yekunlaşan macərası son günlərin ən gözəl idman hekayələrindən biridi. Feliks Sançes "əlində böyüyən" futbolçularla bütün qitəni fəth etdi, həm də min bir çətinliklə üzləşdikləri Birləşmiş ərəb Əmirliklərində.

Qətər yığması (FİFA sıralaması – 93) finalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Asiya kubokunun qalibi oldu. Səhv etmirəmsə, turnirin tarixində bütün matçlarından qalib ayrılaraq, çempionluq yaşayan başqa bir komanda yoxdu. Komandanın hücumçusu Almoez Ali isə Əli Dayini geridə qoyaraq, bir Asiya kuboku daxilində ən çox qol (9) vuran futbolçu kimi tarixə düşdü.

Bütün bu hadisələr BƏƏ-də, 2017-ci ildə Qətərlə siyasi, iqtisadi və diplomatik əlaqələrini kəsən ölkədə baş verdi. Turnirin gedişində komanda azarkeş sarıdan, demək olar ki, dəstək görmədi. Sadəcə, Omandan olan bir neçə nəfərin bəzi matçlarda Qətəri dəstəkləməsini və məşhur cənubi koreyalı – Merri Lini qeyd edə bilərik. Qətərli rəsmilərin turniri yerində izləməsinə, jurnalistlərin kuboku lazımı səviyyədə işıqlandırmasına maneələr yaradıldı. Zaman-zaman yığmanın normal məşq etməsinə də əngəllər törədilirdi. Hətta final ərəfəsində BƏƏ tərəfi Qətərlə bağlı Asiya Futbol Konfederasiyasına şikayət ünvanladı. Bütün bunlara rəğmən, sonda Qətər oynadığı futbolla haqq etdiyi çempionluğu qazandı. Şübhə yox ki, İraqın məşhur Asiya kuboku zəfərindən danışılanda Qətərin qazandığı bu çempionluğa da yer ayrılacaq. Bunun səbəbi təkcə yuxarıda qeyd etdiyim şərait deyil, həm də uzunmüddətli planlaşdırmanın nəticələridi.

Qətər bu çempionatda 2004-cü ildə yaradılan "Aspire" akademiyasının meyvələrini topladı. Hazırkı komandanın baş məşqçisi Feliks Sançes 31 yaşında ikən sözügedən təsislərə dəvət olunub. O, daha öncə "Barselona"nın məşhur "La Masiya" akademiyasında çalışıb. Feliksin "Aspire"dəki ilk işi U-11 komandasına rəhbərlik etmək olub. Sançes sonralar Qətərin U-19, U-20 və U-23 millilərini çalışdırıb.

Bu günə qədər olan yolda əsas uğur 2014-cü illə bağlıdı. O zaman Feliksin rəhbərlik etdiyi U-19 millisi Myanmada keçirilən 19 yaşadək futbolçuların Asiya çempionatında hamıdan güclü olub. Həmin komandanın 7 üzvü bu gün Asiya kubokunun qalibi oldu. "Aspire" akademiyasından yolu keçən (onun qolu – Belçika "Eypen"i də bir nümunədə nəzərə alınıb) və bu gün Qətər yığmasının heyətində çempionluq yaşayan futbolçu sayı isə 11-di: Abdelkarim Hassan, Tarek Salman, Akram Afif, Tamim Al-Muhaza, Salem Al-Hajri, Bassam Al-Ravi, Abdelrahman Mustafa, Almoez Ali, Yusef Hassan, Məhəmməd Al-Bakri və Assim Madibo.

Son olaraq, heyət üzvlərindən bəzilərinin final öncəsi diqqətimi çəkən fikirlərindən mini-toplu:

Assim Madibo: "Biz təkcə komanda yoldaşları deyilik, həm də ailəyik. Meydanın daxilində və ya meydandan kənar, fərq etməz, biz həmişə birik. Feliks Sançeslə ilk dəfə tanış olanda 14-15 yaşım olardı. Mənim üçün atamdan bir fərqi yoxdu".

Ro-Ro: "Buradakı şərait hamı üçün çətin idi. Ancaq hamımız buna hazır idik. Bir ailə olduğumuz üçün azarkeşlərin yoxluğunu hiss etmədik".

Hassan Al-Haydos (kapitan): "Qətər millisinin formasını 130-a yaxın matçda geymişəm, ancaq bu final tamamilə fərqli bir şeydi. Beləsi olmayıb. Necə bir hiss olduğunu təsvir edə bilmirəm".

Feliks Sançes: "Titulu qazanmaq bir çox şeyin doğru edildiyi, futbolçuların düzgün təfəkkürlə və doğru istiqamətdə getdiyi anlamına gələcək".

Əlavə edim ki, Qətər yığması daha əvvəl latın amerikalı oyunçular başda olmaqla, milliləşdirmə yoluna getsə də, proses heç bir nəticə verməmişdi.

 

Rüfət MƏCİD

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest