Fransanın "Olimpik" (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabahkı matçda əsas məqsəd yeni turnirlə tanış olmaq, hədəfimiz isə qalib gəlməkdir. Konfrans Liqasında və Liqa 1-də nə qədər irəli gedə biləcəyimizi görmək istəyirik. Ən yaxşı oyunçular təkcə sabah deyil, bazar günü "Klermon"a qarşı da oynayacaqlar".
 
62 yaşlı baş məşqçi sıx qrafik dövrünə qədəm qoyduqlarını söyləyib: "Bütün tapşırıqları yerinə yetirmək üçün rotasiyalar etməliyik. Futbolçularımız oynamağa hazırdır və biz hamıya eyni dərəcədə diqqət yetiririk".
 
Sampaoli 37 yaşlı qapıçı Stiv Mandandanın meydana çıxmağa hazır olduğunu vurğulayıb: "Təcrübəli qolkiper bu gərgin qrafikdə yararlana biləcəyimiz oyunçulardandır".
 
O, fevralın 24-də Bakıda baş tutacaq cavab görüşünə də toxunub: "Rəqibimiz bu turnirdə topa ən çox sahib olan komandadır. Bu komanda ilə oyun hər kəs üçün təcrübə olacaq. Evdə bu cür matçlara öyrəşmiş komanda ilə oynamaq asan olmayacaq, İki qarşılaşma arasında vaxtın az olması böyük çətinlik yaradacaq".
 
Sabah Marseldəki "Velodrom" stadionunda baş tutacaq "Olimpik" - "Qarabağ" qarşılaşmasına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest