"Sumqayıt" FK ilə "Gədəbəy Mineral Suları" arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Klubdan matc.az saytına verilən xəbərə görə,  imzalanmış sənəd 2022/2023 mövsümünün sonuna qədər qüvvədə olacaq.
 
"Kapital Bank Arena"nın konfrans zalında baş tutan tədbirdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev və "Gədəbəy Mineral Suları" MMC-nin direktoru Adil Haqverdiyev iştirak ediblər. Müqavilə imzalandıqdan sonra "Gədəbəy Mineral Suları" MMC-nin rəhbərliyinə xatirə olaraq, "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub. Tərəflər arasındakı razılaşmaya əsasən, bu müddət ərzində "Gədəbəy Mineral Suları"nın sahib olduğu "Slavyanka" markası komandamızın su partnyoru olacaq. Bunun qarşılığında isə əsas komandanın oyun geyimlərində və "Kapital Bank Arena"da şirkətin tanınma nişanının olduğu bannerlər yer alacaq. Bundan başqa, il ərzində hər iki qurum arasında müxtəlif sosial tipli layihələr həyata keçiriləcək.
 
Qeyd edək ki, "Slavyanka" Azərbaycanın ilk qazsız qablaşdırılmış mineral süfrə suyu markasıdır və 2004-cü ildən bəri (18 ildir) Gədəbəy dağlarındakı saf bulaqlardan toplanan sulardan əldə olunur. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.
 
Hazırda dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Gədəbəy dağlarındakı 12 bulaqdan fabrikə su daxil olur. Bulaqlardan gələn sular Gədəbəyin Zəhmət kəndindəki fabrikdə toplanır, mineral tərkibi qorunmaqla çox detallı təmizləmə prosedurlarından keçir, istehsal olunur və Azərbaycanın bütün regionlarına çatdırılır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest