Avropa Konfrans Liqası çərçivəsində fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş "Qarabağ" – "Marsel" oyunun gedişində qeydə alınmış maraqlı və özündə feyr-pley nümunəsi ehtiva edən epizodla bağlı müzakirələrə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da qoşulub. Matc.az xəbər verir ki, eyni zamanda UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri olan Məmmədov AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"Qarabağ" Avropa Konfrans Liqasında çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar. Təkcə ona görə yox ki, "Qarabağ" qrup mərhələsini uğurla keçdi və pley-off-da kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, Ağdam klubu turnirdəki son oyununda gözəl bir feyr-pley nümunəsi göstərdi. İbrahima Vadjinin əl ilə toxuşundan sonra qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi. Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq. Qurban müəllimin və "Qarabağ"ın futbolçularının bu addımı sözün əsil mənasında təqdirəlayiqdir. Rəhbərlik etdiyim UEFA Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest