Ukrayna Futbol Assosiasiyasının Etika və Feyr-pley Komitəsi Rusiyanın "Zenit" klubunda köməkçi məşqçi kimi çalışan Ukrayna millisinin keçmiş futbolçusu Anatoli Timoşukun bütün titullarından və dövlət mükafatlarından məhrum edilməsi üçün qurumun rəhbərliyinə müraciət ünvanlayıb. Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Asossasiyasının rəsmi saytı məlumat yayıb. Komitə hesab edir ki, Timoşuk Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkəsinə dəstək üçün heç bir addım atmayıb. Keçmiş futbolçu nəinki işğalı pisləyən bəyanat verməyib, çalışdığı Rusiya klubunu da tərk etməyib.
 
Komitə Ukrayna Futbol Asossasiyasından Timoşuka verilən PRO kateqoriyası üzrə məşqçi lisenziyasının geri alınmasını, bütün fəxri ad və dövlət mükafatlarından, Ukrayna çempionatı, kuboku və superkubokunda qazandığı mükafatlardan, millinin keçmiş oyunçusu statusundan məhrum edilməsini istəyib.
 
Timoşuk futbolçu karyerası ərzində "Şaxtyor", "Bayern", "Zenit" kimi klublarda və 2000-2016-cı illərdə Ukrayna millisində forma geyinib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest