"İndidən çempion olduğumuzu demək yanlış olar. Hələ heç nə həll edilməyib. Əsas hədəfimiz çempion olmaqdır və buna çatmaq üçün bütün gücümüzlə irəliləyirik"

"Qarabağ"ın futbolçusu Marko Veşoviçin müsahibəsi

- Premyer Liqanın son turunda "Sabah"la çətin səfərdə idiz. Matçla bağlı fikirlərin nədir, qolun vurulmasında böyük pay sahibi oldun.
- "Sabah"ın çətin komanda olduğunu deyə bilərəm. Düşünürəm ki, maraqlı oyun alındı. İki komandada qələbə üçün sona qədər çalışdı. Rəqib hesabı bərabərləşdirmək üçün gücünü ortaya qoydu. Mənim də qolda əməyim olduğu üçün çox xoşbəxtəm. Bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq. Bizim üçün vacib qələbə oldu. çox sevincliyik ki, belə çətin səfərdən evə 3 xalla qayıtdıq. Hesabın minimal olmasıoyunun çətin keçdiyini göstərir.

- Oyunun sonlarında Zurab Oçiqava ilə aranda mübahisə yaşandı və sarı vərəqə aldın. Orada nə baş verirdi?
- Əslində, çox şərh vermək istəmirəm. Bu, bir çox oyunda yaşanan məsələdir. Cərimə zərbəsi zamanı rəqib oyunçu qapıçımızı dövrəyə alır, biz də komanda yoldaşımıza kömək olmaq üçün çalışırıq. "Sabah"la oyunda da eyni hadisə yaşandı. Təəssüf ki, sarı vərəqəni də mən aldım. Yenə də deyirəm, burada qeyri-adi bir şey yoxdur. Belə epizodu bir çox matçda görmək olar. çox üstünə getmək istəmirəm.

- Komanda vahid liderdir və get-gedə izləyicilərinizlə fərqi artırırsız. İndidən çempion olduğunuzu demək olar?
- Digər komandalara baxdıqda mövqeyimiz yaxşıdır. Nəzərə alsaq ki, bir oyun da ehtiyatdadır. Fanatların bizim çempionluğu artıq təmin etdiyimizi düşünməsi normaldır. Lakin qətiyyən rahatlaşmırıq. Bütün məşqlərimiz intensiv keçir. İndidən çempion olduğumuzu demək yanlış olar. Hələ heç nə həll edilməyib. Əsas hədəfimiz çempion olmaqdır və buna çatmaq üçün bütün gücümüzlə irəliləyirik.

- "Qarabağ"dan əvvəl "Legiya"da çıxış etmisən. Azərbaycanlı hücumçu Mahir Emreli bir neçə ay bu klubda çıxış etsə də, uğursuz oldu. Səncə, Mahirin yaxşı başlayan "Legiya" hekayəsi nə üçün tez bitdi? Xüsusilə də, polşalı fanatların hücumu məsələsi haqda nə deyə bilərsən?
- "Legiya"nı izləyirəm. Mahir həqiqətən, ora keçəndən sonra çox yaxşı başlamışdı. Xüsusən də avrokuboklarda özünü yaxşı tərəfdən göstərdi. çox təəssüf ki, çempionatda istədiyi kimi alınmadı. Mahiri başa düşürəm. Polşa çempionatı tamam fərqlidir. Orada başqa tərz futbol oynanılır. Mahirin zamana ehtiyacı var idi. Uğursuzluq tək onunla bağlı deyildi, komanda da yaxşı çıxış etmirdi. Yəni, hər şeyi Emrelinin üzərinə atmaq olmaz. "Legiya"da işlər yaxşı getmirdi, klub tarixinin ən böhranlı vəziyyəti yaranmışdı. Belə situasiyanın yaranmasını azarkeşlər qəbul edə bilmirdi. Fanatlar klubun avtobusuna hücum etdilər. Məsələ ilə bağlı faktları bilmədiyim üçün nəsə deməyim doğru deyil. Sonda nə baş verdiyini gördük: Mahir klubu tərk etməli oldu. Mən idmanda belə hallara qarşıyam.

- Monteneqro millisinin Ermənistan və Yunanıstanla yoldaşlıq oyunları var. Azərbaycanla Ermənistan arasındakı vəziyyəti nəzərə alsaq, səfərə gedəcəksən?
- Millinin iki yoldaşlıq oyunu var. Onlardan biri Ermənistana qarşıdır. Komandanın baş məşqçisi, federasiyanın nümayəndələri, "Qarabağ"dakı məsul şəxslərlə danışdıq və qərara gəldim ki, Ermənistana getməyim. Azərbaycanla Ermənistan arasındakı vəziyyəti nəzərə alaraq belə qərar aldım. Sadəcə yoldaşlıq oyunudur və Ermənistana getməyi məqsədəuyğun saymadım. Səfərə getməsəm də, millinin düşərgəsinə yollanacağam. İki yoldaşlıq oyunları ərəfəsində yığmada olacağam.

- "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışını necə qiymətləndirirsən?
- Onu deyə bilərəm ki, Azərbaycanı çox yaxşı təmsil etdik. Avropada yaşayan dostlarım bizim çıxışımızı çox bəyənib, təəccübləniblər. Sadəcə, "Marsel"lə oyunlarda bəxtimizin gətirmədiyini deyə bilərəm. Hər iki matçda yaxşı çıxış etmişdik. Hesab reallığı əks etdirmədi. Kimsə oyuna baxmayıbsa, düşünə bilər ki, "Marsel" rahat qələbə qazanıb. Lakin belə deyil. Yaxşı mübarizə aparmışdıq. Qarşıdakı mövsümdə daha uğurlu olacağımızı düşünürəm.

- ölkə kubokunda "Qəbələ" ilə qarşılaşacaqsız. Bu komanda ilə son matçda darmadağına imza atdız. Finala çıxmaq asan olacaq?
- "Qəbələ" baxımlı futbol oynayır. çətin rəqibdir və bizə asan olmayacaq. Son oyunda yaxşı qələbə qazandıq, amma bu, o demək deyil ki, kubokda da rahat olacaq. "Keşlə"ni misal gətirə bilərəm. Onları kubokda böyükhesabla məğlub etdik, lakin çempionatda qol vura bilmədik. "Qəbələ"nin bu mövsüm çox yaxşı oyun keçirməsini nəzərə alsaq, çətin olacağını deyə bilərik. Onlar da finalın bir addımlığındadır. futbolpress.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest