Aşağıda yazacağım əhvalat yəqin ki, olmuş hadisə deyil, lətifədir. çünki uzun illər öncə bir dost bunu mənə Rəşid Behbudov küçəsində baş vermiş hadisə kimi danışıb, yadımda qalıb. özüm də yeri düşəndə çox adama danışmışam.
 
Ancaq Odessada yaşayan həmvətənimiz və həmkarımız Anar Natiqoğlunun Larisa Bubelo adlı feysbuk dostundan iqtibas etdiyi bu hadisənin bugünlərdə Berlində baş verdiyi qeyd olunur. Hər halda, maraqlı söhbətdir və belədir.
 
Larisa Bubelo yazır: "Berlində səkidə durmuşam və görürəm ki, polis əməkdaşı motosikletində mənə yaxınlaşır.
- Bu maşını buradan götürmək lazımdır, - polis mənə müraciət edir.
- Niyə? Məncə, o, heç kəsə mane olmur, - deyirəm.
Polismen motosikletindən düşür, heç nə demədən qəbz kitabçasını çıxarır, 100 avroluq cərimə yazır və maşının şüşəsiləninin altına keçirir.
- Yaramaz... - deyirəm mən.
 
Polis daha bir 100 avroluq cərimə yazır, yenə də heç nə demədən şüşəsilənin altına yerləşdirir. Mən onu faşist adlandırıram. O, yenə də cərimə yazır. Onun qəbzləri bitənə qədər belə davam edirik. Sonra polismen motosikletinə oturub gedir. Onun vecinə də deyil.
 
Mən də çiynimi çəkirəm, dönüb gedirəm. Mənim nə vecimə? Maşın mənimki deyil, hansısa moskvalınındır".
 
Yəqin ki, bu lətifənin başqa variantları da var yəhudinin avtomobilini cərimələtdirən ərəb və ya əksinə, amerikalı-qaradərili, fransız-əlcəzairli, ingilis-irland, ispan-katalon və s. Bir də görəcəyik, bunun erməni-azərbaycanlı variantlarını da düzəldiblər, özü də iki dənə. Birində bizim Mamed erməni Armenin avtomobilinə belə bir kələk quracaq, o birində erməni Aşot bizimkini bənzər hiylə ilə cəncələ salacaq.
 
Beləcə, nə yazıq ki, dünənin iki qardaş xalqı - ukraynalılar və ruslar klassik düşmənlər klubuna daxil oldular.
 
Əslində hələ lap qədimlərdə ukraynalılar ruslara "moskal", onlar da ukraynalılara "xaxol" deyirdilər, amma bu, böyük ölçüdə zarafat səciyyəsi daşıyırdı və iki millətin övladlarının dostluq etməsinə, ailə qurmasına mane olmurdu. İndi isə qarşılıqlı nifrət dərinləşir.
 
Sovet dövründə rus-ukraynalı intriqası gizli idi, özünü əsasən lətifələrdə və bir qədər də idman sferasında göstərirdi. Məsələn, Kiyev "Dinamo"su ilə Moskvanın komandaları arasında ciddi çəkişmə-dartışma vardı. Xüsusilə də "Spartak" azarkeşləri Kiyev "Dinamo"suna nifrət edirdilər. Kiyevlilər də lazımınca qarşılıq verirdilər.
 
Hətta bir dəfə belə bir hadisə oldu. İsgəndər Cavadov və Maşallah Əhmədovun vaxtında bizim "Neftçi" gedib Kiyevdə gözlənilmədən "Dinamo"ya dirəşdi. "Dinamo"nun elə vaxtı idi ki, Avropada qapazlamadığı komanda qalmamışdı, ulduz yığnağıydı: Zavarov, Rats, Yakovenko, Yaremçuq, Mixayliçenko, Demyanenko, Belanov, kəsəsi, SSRİ yığması. Hesabı bizimkilər açmışdı və 1-ci hissə "Neftçi"nin üstünlüyü ilə bitmişdi. İkinci hissə başlamışdı, "Neftçi" yenə qapısını toxunulmaz saxlayırdı. Axırda rus hakim dözmədi, heç nədən "Neftçi"nin qapısına penalti təyin etdi. Belanov vurdu, qapıçımız Jidkov çıxartdı. Hakim təslim olmadı, 5-6 dəqiqədən sonra daha bir penalti. Yenə Belanov. Jidkov bu dəfə qola mane ola bilmədi. Hesab 1:1 oldu. Arada İsgəndər Cavadovu "Dinamo"nun cərimə meydançasında yıxdılar. Hakim penalti vermədi. Amma ilk fürsətdəcə "Neftçi"nin qapısına üçüncü penaltini verdi, Belanov vurdu, qol oldu. Eşşək qədər məşhur futbolçu bir sevinmək sevindi, bir atılıb düşdü ki, sanasan, çL-in finalında "Bavariya"ya qalib gəliblər.
 
Bu, elə bir üzgörənlik idi ki, axşam saat 10-da başlayan və bütün SSRİ ərazisinə translyasiya olunan "Zaman" xəbərlər proqramının idman xəbərləri bölümündə icmalçı Pereturin Kiyev "Dinamo"sunun bu qələbəsini ələ saldı, ironiya ilə dedi ki, bu gün Kiyevdə "Dinamo" Bakı "Neftçi"sinə oyunsonrası peralti seriyasını andıran tərzdə qalib gəlib.
 
Bu, "Neftçi"yə ürəyi yanmaqdan irəli gəlmirdi, "Dinamo"ya qısqanclığın təzahürüydü. Ona qalsa, rus və belarus hakimlər o biri müttəfiq ölkələrdən olan komandaları - "Kayrat"ı, "Paxtakor"u, Tbilisi "Dinamo"sunu vaxtaşırı Moskva komandalarına uduzdururdular. Moskvadan xal alıb qayıtmaq mümkün deyildi. Bir dəfə "Spartak" Bakıda "Neftçi"yə uduzmuşdu, tatar balası Rinat Dasayev (qapıçıydı) hirsindən acıq edərək, "ən yaxşı oyunçu" mükafatını götürməmişdi. Yəni "Neftçi" kim olur "Spartak"ı udur?
 
Bax, belə söhbətlər vardı. Adımız 15 qardaş respublikaydı, amma arada gizli-gizli təzək qaynadırdılar. İyi-qoxusu sonralar çıxdı. Ukrayna-Rusiya savaşı isə göstərdi ki, təzək qazanı artıq aşıb.
 
P.S. Ukraynadan gələn xəbərlərdə keçmiş futbolçu İqor Belanovun silaha sarılaraq işğalçılara qarşı vuruşduğu bildirildiyi üçün müəllif 35 il öncə onun "Neftçi"nin qapısına saxta penaltidən vurduğu qolları bağışlayır.
 
Samir SARI
musavat.com

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest