"50 az yaş deyil, təcrübə baxımından qocaman mütəxəssis olduğumu düşünmək olar". Matc.az xəbər verir ki, bunu bu gün 50 yaşı tamam olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Mütəxəssis bildirib ki, təcrübə təkcə yaşa yox, son illərin iş prinsiplərinə görədir: "Hər il avrokubokların qruplarında oynamaq mənim gələcək işim üçün bir zənginlikdir. Bundan ancaq fayda götürə bilərəm. Hansısa uğuru əldə etmək asandır, amma onu qorumaq çətindir. Bunu qoruyub saxlamağa və öz prinsiplərimdən əl çəkməyəyə çalışıram".
 
Qurbanov keçmişi müzakirə etməyi xoşlamadığını söyləyib: "Daim bu barədə düşünməyi sevmirəm. Amma arada işlərimin bəzi epizodları olur, həmin vaxt çevrilib arxaya baxıram ki, haradan nə cür gəlmişik. Nəyi nə vaxt etmişdik və belə olanda necə çıxış yolu tapmışdıq? Geriyə bu cür baxıram".
 
Onun sözlərinə görə, insan yaşa dolduqca, böyük oyunlar oynadıqca, təcrübəsi daha da çoxalır: "Nə qədər irəli getmişik desək də, oturub düşünəndə, analiz edəndə baxırıq ki, çatışmazlıqlarımız var və üzərimizdə daha çox işləməli, daha çox öyrənməliyik. Hər gün yaşamaq imkanı verilirsə, Allahıma şükür edirəm və bundan düzgün faydalanmağa çalışıram".
 
Qurbanov məşqçilik karyerası ərzində təqribən 1 il milli komandaya rəhbərlik etsə də, yığma barədə danışmaq istəməyib: "Milli komanda haqqında bir o qədər də fikir bildirmirəm. Bizim öz komandamız var. Milli hamımızındır, amma ora fikir bildirməyə səlahiyyətimiz yoxdur. Səlahiyyətim olan yerdə düşüncələrimi bölüşməyə çalışıram".
 
Qeyd edək ki, Qurban Osman oğlu Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.
 
Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan Premyer Liqasının, 1 dəfə Azərbaycan Kubokunun qalibi, 1 dəfə ölkə çempionatının bombardiri olub.
 
1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.
 
2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir.
 
Onun rəhbərliyi dövründə "Qarabağ" 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. "Köhlən atlar" 2014/2015 mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin, çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022 mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini dəf edərək, Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb (Report).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest