Türkiyənin "Qalatasaray" və Ukraynanın "Dinamo" (Kiyev) komandaları arasında xeyriyyə oyunu keçirilib. Matc.az xəbər verir ki, "Qalatasaray"ın ev oyunlarını keçirdiyi NEF stadionunda baş tutan qarşılaşma Kiyev təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
 
Oyuna gəlincə, hesabı 14-cü dəqiqədə qonaqlardan Vitali Buyalski açıb. 28-ci dəqiqədə Artyom Besedin fərqi artırıb. 56-cı dəqiqədə Barış Alper Yılmaz buraxılan toplardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə fərqlənən Viktor Tsıqankov isə yekun hesabı müəyyənləşdirib.
 
Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
 
Kiyev təmsilçisi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu, həmçinin Polşanın "Legiya", Rumıniyanın "Styaua" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları ilə də xeyriyyə görüşündə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest