"Barselona"nın prezidenti Xuan Laporta Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Ayntraxt"ın "Kamp Nou"ya çoxlu azarkeşlə gəlməsinə görə narazılıq edib. Matc.az xəbər verir ki, o, bu hadisəni biabırçılıq adlandırıb:
 
"Bu, təkrarlanması mümkün olmayan biabırçılıqdır. Baş verənlərlə bağlı məlumatımız var. Bu, hədsiz pisdir və utancvericidir. Bundan sonra daha sərt olmalıyıq. Alınan məlumatları təhlil etdikdən sonra tədbir görəcəyik. "Barselona" azarkeşi kimi gördüklərimdən utanıram. Digər komandanın çoxlu azarkeşlərini gördüm və baş verənlərə görə çox təəssüflənirəm. Mən utandım. Bu, baş verməməli olan bir vəziyyət idi".
 
"Barselona"nın baş məşqçisi Xavi isə "Ayntraxt"a məğlubiyyətdən sonra bunları söyləyib:
 
"Bir uğura imza atmağa çalışdıq, lakin bu, kifayət etmədi. Yaxşı oynamadıq. Bu gün yaxşı deyildik, bu, faktdır. "Ayntraxt" əks-hücumda yaxşı oynadı. Onların ikinci qolu fantastik olsa da, bu, bizim çox axmaq səhvimizin nəticəsində oldu".
 
"Barselona" – "Ayntraxt"a 2:3 hesabı ilə uduzub və mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest