Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 35-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Voronej "Fakel"i ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının ilk qolunu da azərbaycanlı hücumçu vurub. Əliyev 71-ci dəqiqədə fərqlənməklə hesabı bərabərləşdirib.
 
"SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşdə 90 dəqiqə meydanda olub. Xabarovskluların qələbə qolunu da 90+2-ci dəqiqədə məhz Qarayev vurub.
 
"SKA-Xabarovsk" 35 turdan sonra 59 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest