"Qarabağ"ın hücumçusu Reynaldo uzun zaman sonra yenidən komandasının heyətində Premyer Liqa matçında meydana çıxıb. Matc.az saytının məlumatına görə, "Sumqayıt"la oyunda qayıdışını rəsmiləşdirən braziliyalı matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"a qayıtdıqdan sonra ilk oyununa çıxdığına görə təbrik edirik. Bu görüşlə bağlı nə deyə bilərsən?

- Təbii ki, xoş hisslər keçirdim. Azərbaycana yenidən qayıtdığıma görə çox sevincliyəm. Bu ölkəni çox sevirəm. Qayıtmağı çox istəyirdim. Hər kəsə öz təşəkkürümü bildirirəm. Bilirəm ki, hələ yolun başlanğıcındayam və formamı bərpa etmək üçün çox çalışmalıyam.

- İlk dəfə "Qarabağ"a transfer olub meydana çıxanda daha çox həyəcanlı idin yoxsa bu gün?

- İndi daha çox həyəcan var idi. O zamanlar daha gənc idim və üzərimdə məsuliyyət az idi. İndi meydana çıxanda burada əvvəl yaşadığım anları xatırladım. Keçən illər gözümün önünə gəldi. Bu gün məndə daha çox həyəcan var idi.

- Biz yenidən əvvəlki Reynaldonu görə biləcəyik, yoxsa o illər artıq keçib gedib?

- Yox, həmin illər keçib getməyib. Mən hələ gəncəm. İndi oynadığım oyuna görə fikir yürütmək olmaz. Komanda ilə birlikdə cəmi 3 gündür məşq edirəm. Vaxt keçdikcə formamı bərpa edəcəyəm və siz daha yaxşı Reynaldonu görəcəksiniz.

- Demək olar ki, özünü sübut etmək üçün cəmi 4 ayın var?

- ümumiyyətlə, kiməsə nə isə sübut etməyə ehtiyac yoxdur. Mənim necə oynadığımı və nəyə qadir olduğumu artıq bilirlər. Uyğunlaşma prosesi bir müddət davam edə bilər. Burada 4 ay, ya daha çox qalacam, bunu deyə bilmərəm. Mənim üçün xoş olardı ki, burada karyeramın sonuna qədər qalım. Nəticə nə olur olsun, klubdakı hər kəsə minnətdaram.

- Azərbaycan çempionatının səviyyəsi əvvəl oynadığın dövrə nisbətən necədi və çempionluq uğrunda "Qarabağ"ı şanslı görürsən?

- Əvvəllər "Qəbələ", "Bakı" kimi iddialılar mübarizə aparırdılar. Hazırkı komandalar isə müdafiəyə oturub gözləyirlər. Rəqiblərin oyun planında dəyişikliklər olub. çempionluq barədə də səbrli olmalıyıq və oyundan oyuna irəliləməliyik. Məncə, onda istəyimizə nail ola bilərik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest