Premyer Liqada XVI tura iki qarşılaşma ilə yekun vurulacaq. Matc.az saytının məlumatına görə, ikinci oyun gününün ilk qarşılaşması "Bakcell Arena"da keçiriləcək. "Neftçi" "Keşlə"ni qəbul edəcək.

 

14:00. "Neftçi" – "Keşlə"

çempionatın ikinci yarısının ilk oyununu komandalar müxtəlif nəticələrlə başa vurdular. "Neftçi" səfərdə əsas izləyicisi və əzəli rəqibi "Qarabağ"la oyunda uduzmadısa, "Keşlə" doğma meydanda "Səbail"dən 3 cavabsız qol buraxdı. "Ağ-qaralar" "Qarabağ"ın səfərdə qələbə qazanması ilə birlikdə ağdamlıların nəfəsini boynunda hiss edir və bundan uzaqlaşmaq üçün 3 xal hava-su kimi lazımdı. "Keşlə" isə turnir cədvəlində "Sumqayıt"a çatmaq və "Zirə"dən uzaqlaşmaq üçün səfərdən qələbə ilə dönmək əzmindədi.

Sirr deyil ki, "Neftçi"ni zirvəyə daşıyan və hazırda orda saxlayan hücum gücü qədər etibarlı müdafiəsinin də olmasıdı. Turnir cədvəlinə baxarkən də bunu müşahidə edə bilərik.  Roberto Bordinin komandası hamıdan çox qol vuran olmasa da, hamıdan az qol buraxan kollektivdi. İtaliyalı bəzi oyunlarda ifrat müdafiəyə meylli taktikaya görə tənqid edilsə də, vurduqları qol sayına görə də 8 komanda arasında sadəcə ötən ilin çempionu "Qarabağ"dan geri qalırlar. ötən tur ağdamlılarla matçda azlıqda qalan və əsas müdafiəçilərindən birini itirən Bordin autsayderlə oyunda buna çox da üzülməyə bilər. Yeni transfer Mamadu Mbodjun meydana çıxdığı ilk qarşılaşmadaca özünü ən yaxşı tərəfdən göstərməsi texniki heyətin "ürəyinə su səpib". Arxa xətdə "qırmızıya düşən" Krivotsyuku kimin əvəzləyəcəyi isə maraqla gözlənilir. Düşünmək olar ki, Bordin doğma meydanda "Qarabağ"la matçda olduğu kimi 5 müdafiəçidən yararlanmaq fikrinə düşməyəcək, belə olan halda mərkəzdə Mamadu Mbodj və Kirilo Petrov, cinahlarda isə ömər Buludovla Tural Axundov şans qazana bilər. Zədəsini sağaltsa da, hələ rəsmi oyunlarda debüt etməyən Ruslan Abışovun hələ bir müddət də gözləyəcəyini güman etmək olar. Praktiki olaraq mövsümün ilk yarısını boşa verən kapitana hazırda Bordinin ciddi ehtiyacı yoxdu. ötən tur adı iştirak ərizəsində olsa da, qırmızı vərəqədən sonra Antonun boşluğunun Ruslanla deyil Elvin Sərkərovla doldurulması da fərziyyələrimizi gücləndirən amillərdən biridi. Abışov hələlik komanda ilə məşq edərək fiziki formasını qazanmaq barəsində düşünməlidi. Fakt budu ki, komanda onsuz da ən az qol buraxan kollektiv olmağı bacarır. "Neftçi"nin yarımmüdafiə və hücum xəttində isə ciddi heç bir problem yoxdu. Yeni transfer Platellas ilk matçında yaxşı təsir bağışladı, hər nə qədər Darionun itkisi ciddi qəbul edilsə də, yunanıstanlı legioner ilk görüşdə onu əvəz edə bilmək bacarığında olduğunun siqnallarını verdi. çempionatın ən sərrast oyunçusu Dabo da öz yerindədi.

"Keşlə"də isə vəziyyət o qədər də yaxşı deyil. "Səbail"lə matçda xüsusilə də qapıçısının səhvləri ilə ağır məğlubiyyətlə üzləşən Tərlan Əhmədovun komandasını liderə qarşı ultra-ağır oyun gözləyir. Amma qonaqlar heç də asan təslim olmaq niyyətində deyillər. Hər halda, Əhmədov oyunçu və məşqçi kimi illərini verdiyi keçmiş komandasına hansısa sürpriz hazırlayıb. "Səbail"lə görüşdən fərqli, heyətdə də bəzi dəyişikliklərin olacağı gözləniləndi.

16:30. "Səbail" – "Zirə"

Bu qarşılaşmada da ilk turda fərqli nəticələr əldə edən komandalar üz-üzə gələcəklər. Premyer Liqanın ilk yarısında rəqiblərinin "peşkəş"ləri hesabına hazırda turnir cədvəlinin ilk "üçlüy"ündə qərarlaşmış "Səbail" heç cür özünə gələ bilməyən və düşdüyü son sıradan qurtulmağı bacarmayan "Zirə"ni qəbul edəcək. "Keşlə"ni səfərdə Kamran Ağayevin "işgüzarlığı" sayəsində xalsız qoyan Aftandil Hacıyevin "drujinası" Samir Abasovun "Zirə"sinə də evdə eyni aqibəti yaşatmaq istəyir. "Sabah"a uduzan "qartallar" isə Bakının "o tayından bu tayına" 3 xal aparmaq üçün yollanırlar. Samir Abasovu əsas qayğılandıran məqam isə çoxsaylı itkilərin olmasıdı.

Belə ki, komanda "Sabah"la görüşdə 3 oyunçusunu itirib. Vüqar Mustafayev birbaşa qırmızı vərəqə üzündən təkcə XVI turu buraxmayacaq. İlkin Qırtımov 8-ci, yeni transfer Bəxtiyar Həsənalızadə 4-cü sarı vərəqə aldığından "Səbail"lə səfər görüşünə çıxmayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest